CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ağlasığmaz mənzərə: Sakinlər qəzəbli, turistlər çaşqınlıq içindədir

Abunə olmaq
Şəhərdə 40 dərəcə istidə paytaxt rəhbərliyi paytaxtdakı bütün fəvvarələri söndürüb

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Bakıda 40 dərəcəyədək istidə şəhər rəhbərliyi paytaxtdakı bütün fəvvarələri söndürüb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu vəziyyət paytaxtın bütün parklarında müşahidə edilir.

Qeyd etmək lazımdır ki, belə isti havada ətrafa sərinlik yayan fəvvarələrin söndürülməsi Bakı sakinlərini xeyli məyus edir. Çünki adətən uşaqları "təmiz hava almağa" çıxaran şəhərlilər belə vəziyyətdə çətin ki, açıq havada rahat gəzə və istirahət edə bilsinlər.

Bu günlərdə saat 11-dən sonra, demək olar ki, havanın temperaturu maksimal həddə çatır. Kondisioner olmayan yerlərdə sadəcə kölgəyə arxayın olmaq olar. Qovurucu istilər Abşeron yayı üçün normal haldır. Belə isti ilə mübarizədə isə yalnız su fəvvarələri kömək edə bilər.

Lakin, hətta şəhərin mərkəzindəki parkların çoxunda belə, heç kəs fəvvarələri işə salmır. Onlar ötən yaydan söndürülüb və indiyə kimi işləməyib.

© Sputnik / Emin AlisahibBakıda susuz fəvvarələr
Bakıda susuz fəvvarələr - Sputnik Azərbaycan
Bakıda susuz fəvvarələr

Əvvəllər fontanların işləməsinə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş başçısı Hacıbala Abutalıbov xüsusi diqqət yetirərdi. Onun suya olan məhəbbətini şəhərin bütün sakinləri sezmişdi. Xüsusilə də yağışlı havalarda şəhərin küçələri su altında qalır, keçilməz çaylar yaranırdı.

Amma indi məsələ o deyil. Bakının icra başçısının dövlət strukturunda yeni vəzifə tutması (baş nazirin müavini) ilə İcra Hakimiyyətinin işçiləri öz funksiyalarını unutmağa başlayıblar. Nəticə etibarilə, bütün günü içindən suyun fontan vurmalı olduğu boruların paslandığını və pas ləkələrinin fəvvarələrin ümumi görünüşünü korladığını görmək mümkündür.

Sputnik Azərbaycan-ın müxbiri şəhərin adamların çox üz tutduğu bir neçə parkına baş çəkib və orada bir dənə də olsun işləyən fəvvarəyə rast gəlməyib. Hətta bakılıların və şəhirin qonaqlarının əsas istirahət yeri olan Bakı dənizkənarı bulvarının ərazisində də bu mənzərənin şahidi olub.

© Sputnik / Emin AlisahibBakıda susuz fəvvarələr
Bakıda susuz fəvvarələr - Sputnik Azərbaycan
Bakıda susuz fəvvarələr

Əgər işləməyən fəvvarələr şəhər sakinlərini belə narahat edirsə, yəqin ki, turisləri xüsusilə heyrətləndirir. Onlar düşünürlər ki, əgər fəvvarə mövcuddursa, onu necə işlətməmək olar? Həm də bütün reklam çarxlarında, buklet və digər tanıtım vəsaitlərinin hamısında Azərbaycan paytaxtının fəvvarələr şəhəri olduğu qeyd olunur. Şəkil və videolarda bir-birindən yaraşıqlı fəvvarələr göz oxşayır. Turistlər də Bakıya gələrkən o fəvvarələri görəcəklərinə ümid edirlər, lakin görə bilmirlər. Onda belə çıxır ki, biz bu cazibəli və yalançı reklamlarla həm də turistləri aldatmış oluruq.

Misal üçün Moskvadan gəlmiş turist Marina Semilova danışır ki, bir həftəlik Bakıya gəlib. Düşünüb ki, burada reklamlarda gördüyü dənizin yaxınlığında çiçək formasında olan fəvvarələri görəcək. Lakin bu mənzərəni yaddaşına köçürmək ona nəsib olmayıb.

Bulvarın yaxınlığındakı məşhur brenddən olan hotellərin həyətindəki fəvvarələr də işləmir. Hətta Səbail Rayon İcra Hakimiyyətinin qarşısında yerləşən "Sahil" parkındakı içində fəvvarə olan hovuzun suyu çox istilənib. O su nəinki ətrafa sərinlik vermir, əksinə, buxarlanaraq boğanaqlıq və havasızlıq yaradır.

© Sputnik / Emin AlisahibBakıda susuz fəvvarələr
Bakıda susuz fəvvarələr - Sputnik Azərbaycan
Bakıda susuz fəvvarələr

Biz möcüzəyə ümid edərək bir neçə nazirliyin və dövlət qurumunun qarşısındakı Hüseyn Cavid parkına yollandıq. Buradakı vəziyyət daha acınacaqlı idi. Fəvvarələrin yerləşdiyi hovuzun suyunu çoxdandır heç kəs dəyişməyib. Hovuzun divarlarını pas və çirkli çöküntü tutub. Bu parkın qarşısında — yolun o tərəfində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binası qarşısındakı hovuz bir qədər təmiz olsa da, orada da fəvvarə işləmir.

© ©KarikaturaFəvvarələr söndürülüb
Fəvvarələr söndürülüb - Sputnik Azərbaycan
Fəvvarələr söndürülüb

Bütün bunlarla yanaşı şəhərdə havanın hərarəti kritik göstəricilərə çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptiklərinin proqnozuna görə, iyunun 28-dən başlayaraq Bakıda havanın temperaturu 40 dərəcəyədək yüksəlib. Üstəlik, bu, hələ son hədd deyil. 2018-ci il iyulun ortalarında və avqustda Azərbaycan ərazisində anomal istilər müşahidə ediləcək.

Sonda onu da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinə zəng edərək şəhərdə niyə fəvvarələrin işləmədiyi sualına cavab tapmağa çalışdıq. Lakin Bakının gözəlliyinə, paytaxt sakinlərinin və qonaqların gündəlik komfortuna cavabdeh olan insanlar telefonların dəstəyini belə, qaldırmadılar.

Xəbər lenti
0