BAKI, 28 iyun — Sputnik. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heli (Nikki Haley) İranı BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda ittiham edib. Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Nikki Heli İranı Yaxın Şərqə silah göndərmək, tranzit qadağalarını tətbiq etməmək və terror təşkilatlarına dəstək verib regionda stabilliyi pozmaqda günahlandırıb.
Qeyd edək ki, BMT baş katibi Antonio Quterreşin Təhlükəsizlik Şurasına göndərdiyi hesabatda Yəməndə husilərin Səudiyyə Ərəbistanına atdığı raketlərin bəzi hissələrinin İranda istehsal edildiyi ilə bağlı dəlillərin olduğu bildirilmişdi.
Heli bildirib ki, İran Yaxın Şərqə silah göndərərək, tranzit keçid qadağalarına meydan oxuyaraq və terror təşkilatlarına dəstək verməklə bölgədə stabilliyi pozaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini heçə sayır: "BMT hesabatında da İranın Təhlükəsizlik Şurasının sanksiyalarını pozması ilə bağlı güclü dəlillər mövcuddur. ABŞ İranın dağıdıcı hərəkətlərinin nəzarətsiz qalmasına icazə verməyəcək. Təhlükəsizlik Şurası üzvlərinin də bunu etməsini istəyirik".
BMT Təhlükəsizlik Şurasındakı Avropa İttifaqı ölkələri isə raket sınaqlarının İranın nüvə müqaviləsi ilə əlaqəli olmadığını və müqaviləyə bağlı qalmağın lazım olduğu mövqeyini müdafiə edir. Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pirs İranın Yəmənə ballistik raket parçaları transfer etməsi və raket proqramı kimi nüvə müqaviləsi xaricində qalan məsələlərin ayrıca müzakirə edilməsinin lazım olduğunu bildirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya isə BMT hesabatını tənqid edərək hesabatda İranla bağlı dəlillərin təsdiqlənmədiyini bildirib.