Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 27 iyun — Sputnik. Sumqayıtda oğul atasını bıçaqlayaraq cəsədini dənizə atıb.
Sumqayıtın hüquq-mühafizə orqanları 1965-ci il təvəllüdlü İsgəndərov Elşən Mikayıl oğlunun qətlində əli olan şəxsin izinə düşüb.
Sumqayıt prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, faktla bağlı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi açılıb.
İsgəndərovun bıçaq yaraları olan cəsədi kotteclərin yerləşdiyi "Yaşıl dərə" adlı yerdə, "Esmira" şadlıq evinin yanında dənizdən tapılıb. İstintaq-əməliyyat qrupu cinayətin baş verdiyi şəraiti müəyyən edib.
Məlum olub ki, qətli İsgəndərovun oğlu (adı hələlik açıqlanmayıb) törədib. Saxlanılan şəxsin sözlərinə görə, atası ətrafa ziyan verən narkoman olub. O, bununla əlaqədar olaraq Sumqayıtdakı Narkoloji Dispanserdə müalicə alırmış. Dörd gün əvvəl o, xəstəxanadan evə buraxılıb. Lakin ailə üzvlərinin İsgəndərovla bir evdə yaşaması mümkünsüz olub. Kişi daim arvadını döyüb və təhqir edib. Qadın və uşaqlar ondan ayrı yaşamaq qərarına gəlib. Elə bu səbəbdən də ailədə növbəti münaqişə yaranıb və ölümlə nəticələnib. Anasını atasının əlindən xilas etmək istəyən oğul onu bıçaqla vurub.
İsgəndərovlar ailə başçısının cəsədinin tapıldığı yerə yaxın ərazidə — ""Sumqayıt Kimya Tikinti" ASC-nin yataqxanasında yaşayırlar.
Hazırda faktla bağlı araşdırma aparılır.