BAKI, 27 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında F qrupunda son oyunlar keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Kazanda Almaniya və Koreya milliləri üz-üzə gəliblər. Almanlar ilk hissədə daha fəal olsalar da qol vura bilməyiblər və birinci yarı heç-heçə bitib — 0:0. İkinci hissənin 45 dəqiqəsi də qolsuz başa çatıb. Lakin artırılmış ikinci dəqiqədə Yen Qvon Min almanların qapısından top keçirib — 1:0. Artırılmış 6-cı dəqiqədə koreyalılar dünya çempionlarını bir daha məyus ediblər — 2:0.
Yekaterinburqda isə Meksika və İsveç milliləri qarşılaşıblar. Bu görüşdə də ilk yarıda qapılara top vurulmayıb — 0:0. İkinci yarıda Lüdviq Auqustinson 50-ci dəqiqədə meksikalıları məyus edib — 1:0. 62-ci dəqiqədə Andreas Qrankvist penaltidən hesab arasındakı fərqi artırıb — 2:0. 74-cü dəqiqədə meksikalı Edson Alvares topu öz qapısına vurub — 3:0. Oyun bu hesabla başa çatıb.
Beləliklə, 3 oyundan sonra F qrupunda Meksika və İsveç yığmaları hərə 6 xal toplayaraq növbəti mərhələyə vəsiqə qazanıblar. Almaniya və Cənubi Koreya milliləri hərəyə 3 xal toplayaraq turniri tərk ediblər.