BAKI, 25 iyun — Sputnik. Futbol üzrə dünya çempionatında A qrpunda oyunlara yekun vurulub.
Son turda Rusiya Uruqvay, Misir isə Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.
Samara şəhərində keçirilən Rusiya-Uruqvay görüşündə ilk hissə Cənubi Amerika təmsilçisinin üstünlüyü ilə keçib. Artıq 10-cu dəqiqədə Luis Suares hesabı açıb. 23-cü dəqiqədə isə Denis Çerışev avtoqola imza atıb və ilk yarı Uruqvayın 2:0 xeyrinə qurtarıb. 36-cı dəqiqədə Smolnikov ikinci sarı vərəqə alaraq meydançanı tərk edib və ruslar görüşü azlıqda davam etdiriblər.
İkinci hissə ilk yarıya nisbətən sönük keçib. 90-cı dəqiqədə Edinson Kavani rusların qapısına daha bir top vurub — 3:0. Oyun bu hesabla bitib.
Volqoqradda baş tutan Misir-Səudiyyə Ərəbistanı oyununa Afrka təmsilçiləri fəal başlayıblar. 22-ci dəqiqədə misirli Məhəmməd Salah hesabı açıb — 1:0. Bundan sonra Səudiyyə Ərəbistanı buraxılan topun əvəzini çıxmaq üçün irəli atılıb. Belə hücumların birində Misirin qapısına penalti zərbəsi təyin olunub. Lakin Fəhad əl-Müvəlləd topu 45 yaşlı Əl Hadarinin qapısından keçirə bilməyib. İlk hissə 1:0 başa çatıb.
İkinci hissədə Səudiyyə Ərəbistanı cəhdlərini davam etdirib və 50-ci dəqiqədə Misirin qapısına daha bir penalti təyin olunub. Bu dəfə topu Salman Əl Fərəc vurub və onun zərbəsi dəqiq olub — 1:1.
İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçib. Artırılmış 4-cü dəqiqədə Səudiyyə Ərəbistanının oyunçusu Əl Davsari topu misirlilərin qapısından keçirib və Asiya təmsilçiləri 2:1 hesabı ilə qələbə qazanıblar.
Beləliklə, üç görüşdən sonra 9 xal toplayan Uruqvay yığması bu qrupu birinci yerdə başa vurub. Rusiya 6 xalla ikinci yeri tutub. Bu iki yığma növbəti mərhələyə adlayıblar. Səudiyyə Ərəbistanı yığması 3 xal toplayıb. Misir hər üç oyunda məğlub olaraq turniri xalsız başa vurub.