BAKI, 25 iyun — Sputnik. Salyanda yük avtomobilinin sürücüsü ehtiyatsızlıqdan bacısını və onun 4 yaşlı oğlunu vurub.
APA-nın xəbərinə görə, hadisə Boranıkənd kəndində qeydə alınıb. Boranıkənd sakini, 1997-ci il təvəllüdlü Aslanov Əmrulla Nurulla oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə bacısı — 1994-cü il təvəllüdlü Məmmədova Günel Nurulla qızını və onun 4 yaşlı övladı — Əli Sahil oğlu Məmmədovu vurub. Zərbədən uşaq hadisə yerində keçinib, ana isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, 4 yaşlı Əli Məmmədov həyətdə oynayarkən hərəkətdə olan maşının qabağına çıxıb. Bu zaman uşağı xilas etmək istəyən anası da yük maşınının altında qalıb.
Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.