Eldar Tanriverdiyev, Sputnik Azərbaycan
BAKI, 25 iyun — Sputnik. İranın müdafiə nazirinin müavini, general-mayor Mahmud Şeyx Həsəni bu gün Azərbaycana səfərə gəlib. Bu barədə Sputnik Azərbaycan-a İranın ölkəmizdəki səfirliyindən məlumat verilib.
Məlumata əsasən, Mahmud Şeyx Həsəni Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan bayram tədbirlərində iştirak edəcək.
Müdafiə nazirinin müavininin Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi də gözlənilir.
Hərbi paradda, həmçinin bir sıra xarici ölkələrin müdafiə sahəsində olan rəsmiləri də iştirak edəcək.
Qeyd edək ki, sabah Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı möhtəşəm hərbi parad keçiriləcək. Hərbi paradda Azərbaycan ordusunun ən müasir silah və texnikaları nümayiş etdiriləcək.
Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün — 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur.
Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.