BAKI, 24 iyun — Sputnik. Məşhur futbolçu Dieqo Maradona Argentina yığmasının məşqlərinə buraxılmasını tələb edib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, keçmiş dünya çempionu Dieqo Maradona Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsinin sonuncu oyunu ərəfəsində Cənubi Amerika komandasının təlimlərinə buraxılmasını tələb edib.
"Mən oyunçular ilə danışmaq istəyirəm ki, onlar mili komandanın formasını geyinməyin nə demək olduğunu başa düşsünlər" deyə 57 yaşlı Maradona qeyd edib. O, bildirib ki, zamanında özünü bütünlüklə yığmanın oyununa həsr edib.
Qeyd edək ki, Argentina yığması keçirdiyi bir oyunda heç-heçə edib, o biri oyunda biabırçılıqla məğlub olub. İyunun 22-də D qrupunda nigeriyalılar İslandiyanı 2-0 məğlub edib. Afrika komandasının qələbəsi argentinalıların çempionatın növbəti mərhələsinə çıxma şansını artırdı.
Bunun üçün qrup mərhələsinin son matçında Argentina millisi Nigeriyaya qalib gəlməlidir. İslandiya paralel matçda Xorvatiyanı məğlub edərsə, hər şey vurulan və buraxılan qolların sayından asılı olacaq. Hal-hazırda qolların nisbəti argentinalılarda "-3", islandiyalılarda "-2"dir. Hər iki oyun 26 iyunda keçiriləcək.