BAKI, 24 iyun — Sputnik. Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında G və H qruplarında II turun oyunları keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, ilk olaraq meydana G qrupundan İngiltərə və Panama çıxacaq. Bu qrupda ilk oyun Belçika və Tunis arasında olub və avropalılar 5:2 hesabı ilə qalib gəliblər.
Birinci turda İngiltərə Tunisə qalib gəlib. İngilislər bu oyundan da qalib ayrılsalar, Belçika ilə bir yerdə 1/8 finala vəsiqəni təmin etmiş olacaqlar. Panamaya isə şansını saxlamaq üçün qalib gəlmək lazımdır.
Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Saat 19:00-da Ha qrupunda II turun ilk oyunu keçiriləcək. Bu oyunda Yaponiya Seneqalla qarşılaşacaq. Hər iki komanda I turda eyni hesabla müvafiq olaraq Kolumbiya və Polşaya qalib gəlib. Bu oyunu liderlik uğrunda mübarizə də adlandırmaq olar.
Saat 22:00-da baş tutacaq digər oyunda isə I turun uğursuzları olan Polşa və Kolumbiya qarşılaşacaq. Bu komandaların hər ikisinə qələbə lazımdır.