CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İndi də bizi dənizdən belə uzaqlaşdırırlar: Üfunət, tullantı, çirkab suyu...

© Sputnik / Irade JELILBuzovna qəsəbəsində dəniz sahilinin vəziyyəti
Buzovna qəsəbəsində dəniz sahilinin vəziyyəti - Sputnik Azərbaycan
Abunə olmaq
Ancaq bu xoşagəlməz, antisanitar mənzərənin sahildəki insanlar üçün, sanki heç bir əhəmiyyəti yox idi

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Dəniz mövsümünün yeni açılmasına baxmayaraq, bir çox çimərliklərdə sahilboyu ərazilər çirklidir. Məişət tullantıları sahilə, çirkab sular isə birbaşa dənizə axıdılır.

Bir neçə gün öncə yolum Buzovna qəsəbəsinə düşmüşdü. Sahilə enib dənizi seyr etmək istəsəm də, heç də xoş olmayan mənzərə ilə qarşılaşdım. Sahilboyu məişət tullantıları qalaqlanmışdı və böyük bir boru ilə dənizə kanalizasiya suları axıdılırdı. Ancaq bu xoşagəlməz, antisanitar mənzərənin sahildəki insanlar üçün, sanki heç bir əhəmiyyəti yox idi.

© Sputnik / Irade JELILÇirkab sularının dənizə axıdılması
Çirkab sularının dənizə axıdılması - Sputnik Azərbaycan
Çirkab sularının dənizə axıdılması

Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) də məlumat yaydı ki, Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsi "Sahil" və Səbail rayonunun Şıx çimərliklərində aparılmış monitorinqlərin nəticələrinə görə, zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyənləşib. Bu səbəbdən qeyd olunan çimərliklərdən istifadə etmək məqsədəuyğun deyil.

Spuntik Azərbaycan-ın məsələ ilə bağlı sorğusunu cavablandıran ekoloq Vaqif Əliyevin sözlərinə görə, çirkab suları çox zaman kanalizasiya qurğuları vasitəsilə dənizə, çaylara və ya digər münasib su hövzələrinə axıdılır.

"Çirkab suları dedikdə axar suyun müxtəlif sənaye və məişət tullantıları, həmçinin atmosfer yağmurları vasitəsilə çirklənməsi başa düşülür. Ümumiyyətlə çirkab suları, bərk, hətta qaz halında tullantılar belə, utilizasiya oluna bilirsə, onları təkrar istifadəyə qaytarmaq daha məqsədəuyğundur. Bu, mümkün olmadıqda, çirkab suları təhlükəsiz hala gətirilərək su hövzələrinə axıdılmalıdır", — deyə ekspert əlavə edir.

© Sputnik / Irade JELILBuzovna qəsəbəsində dəniz sahilinin vəziyyəti
Buzovna qəsəbəsində dəniz sahilinin vəziyyəti  - Sputnik Azərbaycan
Buzovna qəsəbəsində dəniz sahilinin vəziyyəti

V.Əliyev qeyd edir ki, bu, insan sağlamlığı üçün də təhlükə mənbəyidir: "Belə ki, çirkab sularının axıdıldığı dənizdə çimmək mədə-bağırsaq, dəri xəstəliklərinə səbəb ola bilər. Buna aidiyyatı qurumlar nəzarət etməli, müəyyən cərimələr tətbiq edilməlidir".

Ekoloq vurğulayır ki, dənizə axıdılan çirkab sularının tərkibində toksiki maddələr olarsa, bu zəhərlənmə ilə də nəticələnə bilər.

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, dəniz mühitini çirkləndirmə Cinayət Məcəlləsinin 252-ci maddəsi ilə tənzimlənir. Dəniz mühitində insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan materialları tullama, dəniz mühitini çirkləndirmə beş yüz manatdan min manatadək miqdarda cərimə ilə nəticələnir. Və ya həmin şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

© Sputnik / Irade JELILSahildəki zibillik
Sahildəki zibillik - Sputnik Azərbaycan
Sahildəki zibillik

Hüquqşünasın sözlərinə görə, eyni əməllər insan sağlamlığına, heyvanlar və bitki aləminə, balıq və digər su bioresurslarına, ətraf mühitə, istirahət zonalarına və ya qanunla qorunan digər əhəmiyyətli zonalara zərər vurduqda cərimə dəyişir. Belə halda min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir.

Qeyd edək ki, ETSN Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zonalarında, "Amburan" çimərliyində, Novxanı və Corat bağlarının sahilboyu ərazilərində təmizlik işləri aparıldığını da bildirib. Əlavə olunub ki, həmin ərazilərdə müvafiq standartlara cavab verən modul tipli çirkab suları təmizləyən qurğular quraşdırıb.

Qeyd olunan ərazilərdə çimərlik sahələri yay mövsümü ilə əlaqədar hazırda çimərlik kimi istifadəyə yararlıdır. Xəzər dənizi sahil zolağında, həmçinin çimərlik ərazilərdə isə hazırda ardıcıl və davamlı işlər davam etdirilir.

Xəbər lenti
0