Rahim Zakiroglu, Sputnik Azərbaycan
BAKI, 24 iyun — Sputnik. Çay daşından tikintidə istifadə etmək üçün, həm böyük səbir, həm də peşəkarlıq tələb olunur. Masallı rayonu Boradigah qəsəbə sakini, 58 yaşlı Məmməd Məmmədov da səbri və peşəkarlığı sayəsində öz həyətyanı sahəsini çay daşları ilə, sözün əsl mənasında cənnətməkana çevirib. İxtisasca ingilis dili müəllimi olan M.Məmmədovun həyətinə girdikdə insanda ilk olaraq hansısa istirahət mərkəzinə gəldiyi təəssüratı yaranır.
Spuntik Azərbaycan-ın bölgə müxbiri sözügedən cənnətməkanın memarı ilə həmsöhbət olub.
M.Məmmədov bu işə uşaqlıqdan böyük həvəsinin olduğunu deyib: "1984-cü ildən Boradigah qəsəbə 2 saylı orta məktəbdə ingilis dili müəllimi işləyirəm. Bu işə isə uşaqlıqdan marağım var. Evimizdə uşaqların hamısının əl qabiliyyəti var idi. Mənim də daş yonmağa, daşdan alətlər düzəltməyə, heykəl düzəltməyə həvəsim vardı".
Həmsöhbətimiz hələ məktəbdə oxuyarkən yeyə ilə daşları yonaraq, insan, heyvan fiqurları düzəltdiyini bildirib: "Bir fiquru düzəltməyə bir neçə gün vaxt sərf edərdim. 7-ci sinifdə oxuyan vaxt "Qız qalası"nın maketini düzəldib məktəbə aparmışdım. Müəllimim xahiş elədi ki, o maketi muzeyə verim. Muzeyin direktoru da maketi görüb bəyəndi".
Məmməd müəllim son illərdə uşaqlıq həvəsini məşğuliyyətə çevirib, beş ildir ki, bütün boş vaxtlarını bu işə sərf edib: "Son zamanlar bir qədər boş vaxtlarım olduğu üçün yenidən bu işə yönəldim. Əvvəlcə müxtəlif daşlar yığmağı qərara aldım. Maraqlı formalı, nəyəsə oxşayan və rəngbərəng daşları yığırdım. Sonra isə çay daşlarından divar hörməyə başladım".
Məmməd müəllim, demək olar ki, bütün işlərində Azərbaycanın milli atributlarını yaratmağa çalışıb: "Çay daşlarından "buta" formasında çay masası düzəltmişəm. Həyətin girəcəyindəki divarda mərmərdən ərəbcə "Allah" sözünü yazmışam. Bu atributları qədim xalçalarımızın üzərindən götürürəm. Butaların daha gözəl, daha maraqlı formaları var. İnternetdən həmin formaları əldə etmişəm. Hər birini yaratmaq fikrim var".
Məmməd Məmmədov daşları necə və haradan əldə etdiyinə də aydınlıq gətirib: "Daşları, əsasən, Viləş çayından gətirirəm, oranın daşları çox gözəl və rəngarəngdir. Daşları toplamaqda Astara-Bakı yeni yolunun tikintisində iştirak edənlər dost-tanış da kömək edib. Daşları ən çox rənglərinə və möhkəmliyinə görə yığmışam. İndi daşa baxanda, artıq xüsusiyyətini, keyfiyyətini bilirəm".
Müsahibimiz iş prosesi barədə də məlumat verib: "Əvvəlcə yığdığım daşları yuyuram, yuyandan sonra lazım olanları götürürəm, yerdə qalanını isə tullayıram. Divara işləyəndə daşların rəngbərəng olmasına üstünlük verirəm. Onları əsla rəngləmirəm. Divara işlədikdən sonra isə bir daha yuyuram. Ən sonda da üstünə lak çəkirəm ki, parıltısı qalsın. Lak çəkəndən sonra onları yumaq da asan olur, toz da götürmürlər".
Məmməd müəllim eni 4, uzunluğu 35-40 metrə yaxın olan həyətinin yolunu düzəltmək üçün 11 "Zil" yük avtomobili dolusu çay daşı işlədib: "Bu yolu düzəltməyə 2 il vaxt sərf eləmişəm. Bir dəfə düzəltdim, ancaq xoşum gəlmədi. Daşlar nahamar idi. Yenidən düz bir il çalışdım, hətta qış aylarında yağışın altında belə, çətir tutaraq daşları hamarladım. Aralarını sementlə dolduraraq düzdüm".
"Sonra sütunları, üzbəüz divarı hörmüşəm. Sütunları işləməyə isə 4-5 gün vaxt sərf etmişəm. Hər gün cəmi 40-50 sm işləyirdim. Çox hündür işləmək olmur. Çünki kərpic, yaxud mişar daşı kimi üstü hamar deyil. Ona görə 40-50 sm işləyib qurumağını gözləyirdim", — deyə davam edib həmsöhbətimiz.
Həvəskar memar daş axtaran zaman qədimdə məişətdə istifadə edilən daşlara belə rast gəldiyini də deyib: "İndi dəmirdən və ya bürüncdən hazırlanmış həvəng dəstələr var. Qədimdə isə ərzaq əzmək üçün daşlardan istifadə ediblər. Bir neçə ilə ərzində elə daşlar da rastıma çıxıb".
Məmməd müəllim çay daşlarından memarlıq nümunələri hazırlamaq üçün sifarişlər aldığını da qeyd edib: "Sifarişlər olur, ancaq özüm getmirəm. Masallının "İstisu" sanatoriyasında bir hovuz işləməyimi istədilər. İmtina etdim. Ötən il Rusiyada tikinti işləri ilə məşğul olan bir nəfər gəlmişdi. Mənə dedi ki, "Rusiyada çay daşı işlərinə çox diqqət yetirirlər, gedək orada işləyək". Razılaşmadım".
"Mənimçün işləmək problem deyil, əsas məsələ çay daşlarını tapmaqdır. Bəlkə də istədiyim daşları tapıb, gətirib mənə versələr, razılaşaram. Yoxsa ki, daşları tapmaq böyük zaman və zəhmət tələb edir", — deyə əlavə edib müsahibimiz.
Həmsöhbətimiz vurğulayıb ki, bu iş zaman və hövsələ tələb etdiyi kimi, həm də bahalı sənətdir: "Kərpicdən və mişar daşından fərqli olaraq çay daşına sement çox işlənilir. Həyətimə çay daşını döşəmək üçün 30 kisə sement işlətmişəm. Metlaxla işləsəydim, bəlkə ucuz olardı. Amma işin maddi tərəfi gözümdə olmayıb".
Təəssüf ki, Məmməd müəllimdən sonra ailəsində bu sənəti davam etdirməyə heç kimin marağı yoxdur: "Evdə məndən başqa kimsə bu işi bacarmır, övladlarımın marağı yoxdur. Düzdür, oğlanlarım daşları daşımaqda mənə kömək ediblər. Ancaq digər işlərin hamısını özüm tək görmüşəm. Mənə kömək etmələrinə heç özüm də razı olmazdım. Çünki işin hamısının öz əlimdən çıxmasını istəyirəm".
Məmməd Məmmədov həyətində kiçik bir muzey də yaradıb. O, bu muzeydə qonşu kənd və rayonlardan gətirdiyi qədim xalçalar, əntiq qablar və məişət əşyalarını toplayıb. Topladığı əşyalar arasında Cəlilabad rayonundan əldə etdiyi, Tunc dövrünə aid olduğu təxmin edilən saxsı qab da var.
Müsahibimiz, həmçinin gəzdiyi ölkələrdən əldə etdiyi pul əsginaslarının da kolleksiyasını toplayır.