BAKI, 23 iyun — Sputnik. Afrikada eyni gündə ayrı-ayrı dövlətlərin prezident və baş nazirinə sui-qəsd cəhdi olub. Sputnik Azərbaycan "Reuters"ə istinadla xəbər verir ki, nəticədə ölən və onlarla yaralanan var.
Zimbabvedə prezident Emmerson Mnanqaqavaya hücum olub. Dövlət başçısının Bulavayo şəhərində mitinqdə çıxışı zamanı partlayış həyata keçirilib. Nəticədə, vitse-prezident Konstantino Çivenqa, onun həyat yoldaşı, eləcə də nazirlərdən biri yaralanıb. Prezidentə heç nə olmayıb və o, təhlükəsiz əraziyə evakuasiya edilib.
Bundan əlavə, Əddis-Əbəbədə Efiopiya baş naziri Abiya Əhmədin tərəfdarlarının mitinqində partlayış həyata keçirilib. Bu posta apreldə təyin olunan baş nazir tərəfdarları qarşısında çıxışını başa vuran zaman əl qumbarası partladılıb. Efiopiya paytaxtının mərkəzi meydanında partlayış nəticəsində 1 nəfər ölüb, 150-dən çox adam müxtəlif dərəcədə yaralanıb.