BAKI, 22 iyun — Sputnik. "Facebook" sosial şəbəkəsinin 2012-ci ildə 1 milyard dollara alaraq, istifadəçilərə təqdim etdiyi "Instagram" sosial şəbəkəsində yeni xidmət istifadəyə verilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 1 milyard istifadəçisi olan "Instagram"da yeni videoservis — IGTV işə başlayıb.
"Instagram"ın daxilində yer alan IGTV-də istifadəçilər müddəti 1 saata qədər olan videolara baxa biləcəklər. IGTV ilə "Instagram"ın "Youtube" şəbəkəsinə ciddi rəqib olacağı gözlənilir.
Bu gündən etibarən bütün dünyada paylaşılan IGTV-də bəzi hesablar öz kanallarına videolar yükləməyə başlayıb. Verilən məlumata görə, IGTV tam ekran videolar üçün yaradılıb.
Qeyd edək ki, "Instagram"da paylaşılan videolarda 1 dəqiqə, "hekayələr" hissəsində isə 15 saniyə məhdudiyyəti var. Bu videolar 24 saat içində silinir.
IGTV-də isə videolar silinməyəcək. Bu layihənin böyük maraqla qarşılanacağı gözlənilir.