BAKI, 22 iyun — Sputnik. Rusiya Federasiyasında keçirilən futbol üzrə dünya çempionatında E qrupunda ikinci turun son görüşü keçiirlib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Kalininqrad şəhərində Serbiya və İsveçrə yığmaları üz-üzə gəliblər. Oyunda hesab tez açılıb. Artıq 5-ci dəqiqədə Aleksandr Mitroviç topu isveçrəlilərin qapısından keçirib — 1:0. Bundan sonra serblər hücumlarını davam etdiriblər. Ümumiyyətlə birinci hissə onların üstünlüyü ilə keçib. 45 dəqiqə bitdikdən sonra hesab yenə minimal olub — 1:0.
İkinci hissədə isveçrəlilər üstünlüyü ələ alıblar. 52-ci dəqiqədə Qranit Caka gözəl zərbə ilə hesabı bərabərləşdirib — 1:1. Qoldan sonra isveçrəlilər hücumlarını davam etdiriblər. 90-cı dəqiqədə Cerdan Şakiri ikinci topu serblərin qapısından keçirib — 2:1.
Bu qrupda turun digər oyununda Braziliya Kosta-Rikanı 2:0 hesabı ilə məğlub edib. İki turdan sonra Braziliya və İsveçrənin hərəyə 4 xalları var, Serbiya 3, Kosta-Rika isə 0 xal toplayıb.