BAKI, 22 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında E qrupunda ikinci turun ilk görüşü keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Sankt-Peterburqda Braziliya və Kosta-Rika yığmaları üz-üzə gəliblər. Birinci turdan sonra Braziliyanın 1, Kosta-Rikanın isə 0 xalı var idi.
Görüşün birinci hissəsi braziliyalıların üstünlüyü ilə keçsə də hesab açılmayıb.
İkinci hissə braziliyalıların böyük üstünlüyü ilə keçib. Lakin Kosta-Rikanın qapıçısı Navas əsas vaxtda onların bütün hücumlarının qarşısını alıb. Lakin artırılmış ikinci dəqiqədə Koutinyo topu Kosta-Rikanın qapısından keçirə bilib — 1:0. Artırılmış 8-ci dəqiqədə isə Neymar hesab arasındakı fərqi artırıb — 2:0. Oyun bu hesabla başa çatıb.
Bu qrupdakı turun digər görüşündə Serbiya və İsveçrə milliləri qarşılaşacaqlar.