Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 20 iyun — Sputnik. "Bu ilin ilk 4 ayında Azərbaycanda dollara olan tələbin artması müşahidə olunub. Dollara olan tələbin artması büdcə xərcləmələrinin artması ilə də bağlıdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsi 2017-ci ilin dövlət büdcəsi ilə müqayisədə 3 milyard manat çoxdur: "3 milyard manat əlavə vəsaitin dövriyyəyə buraxılması xarici valyutaya olan tələbin artmasına gətirib çıxarır. Çünki ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi pilot layihələrin maliyyələşdirilməsi üçündür. Bu da idxalın artmasına səbəb olur. İdxalın artması da nəticədə xarici valyutaya tələbinin artmasına gətirib çıxarır".
Ekspert bildirib ki, hərraclardakı satışa diqqət yetirsək, satışda ciddi artım olduğunu görərik: "Məsələn, 2018-ci ilin yanvarında Dövlət Neft Fondu tərəfindən hərraclarda 584 milyon 800 min ABŞ dolları satılıb. Yəni hərraclarda 585 milyona yaxın ABŞ dolları banklar tərəfindən alınıb və vətəndaşlara, biznes qurumlarına satılıb. 2018-ci ilin fevral ayında 299 milyon dollar hərraclarda satılıb. 2017-ci ilin yanvar ayında isə bu rəqəm cəmi 285 milyon dollar olub".
İqtisadçının sözlərinə görə, 2018-ci ilin mart ayında dollara olan tələbin artması müşahidə olunub: "Bu ilin martında hərraclarda 647 milyon dollar satılıb. 2017-ci ilin martında isə bu göstərici 250 milyon dollar təşkil edib. 2018-ci ilin aprel ayında 802 milyon dollardan çox, ötən ilin aprelində isə 221 milyon dollar vəsait hərraclarda satılıb".
"Göründüyü kimi, aylar üzrə, eləcə də bütövlükdə geridə qalan ayları 2017-ci ilin müvafiq dövrü ilə müqayisə etdikdə kəskin artımlar olduğu görünür. Təkcə, 2018-ci ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə və ya 317 milyon dollara yaxın dollar satılıb. Bu da dollara olan tələbin artmasından xəbər verir".
V.Bayramov bildirib ki, ABŞ dolları ilə həyata keçirilən nağd hesablaşmalarda da artımlar var: "2018-ci ilin yanvar ayında 196 milyon ABŞ dolları ilə nağd tranzaksiya (hər hansı məqsəd üçün icra olunan bank əməliyyatı) olub. 2017-ci ilin yanvarında isə bu göstərici 62 milyon dollar olub. 2018-ci ilin fevral ayında 224 milyon dollardan artıq nağd tranzaksiya olub. 2017-ci ilin fevralında bu isə 122 milyon dollar təşkil edib. Cari ilin mart ayında 176 milyon dollardan çox nağd tranzaksiya olub. 2017-ci ilin martında isə 91 milyon dollar olub".
"Baxın, məhz ABŞ dolları ilə nağd tranzaksiyalarda da kifayət qədər böyük fərq var. Bu, ondan xəbər verir ki, dollara tələbin artması müşahidə olunub. İdxalın artması dollara tələbin artmasını şərtləndirən əsas səbəblərdən biridir", — iqtisadçı əlavə edib.
Ekspertin fikrincə, qiymətləndirmələr göstərir ki, 2018-ci ilin avqust, noyabr və dekabr aylarında dollara tələb daha çox artacaq: "Xüsusən noyabrın ikinci yarısı və dekabr ayında Azərbaycanda dollara tələbin artacağı gözləniləndir".
Bayramovun dediyinə görə, bunun məzənnəyə necə təsir edəcəyi isə Mərkəzi Bankın mövqeyindən asılı olacaq: "Biz hələlik dollara tələbin artmasını proqnozlaşdırırıq. Amma məzənnənin necə dəyişəcəyi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma əvvəlki aylarla bağlı rəqəmlər göstərir ki, Azərbaycanda dollara tələbin hiss edilən dərəcədə artması müşahidə edilməkdədir".
İqtisadçı-ekspert Cəfər İbrahimlinin Sputnik Azərbaycan-a şərhinə görə isə, qısa dönəmdə rubl və lirənin dəyər itirməsinin manat üzərində basqı yaradacağını düşünənlər təkrar dollar alışına başlayıblar: "Əsasən alış istiqamətli tələb əməliyyat həcmini artırıb. Rusiya və Türkiyədə baş verən iqtisadi və siyasi hadisələr dollara tələbin artmasına təkan verib".
Qeyd edək ki, Azərbaycan bankları bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 411,732 mln. ABŞ dollarının xalis satışını həyata keçirib.