BAKI, 21 iyun — Sputnik. Rusiyada keçirilən futbol üzrə dünya çempionatında C qrupunda yarışan Danimarka və Avstraliya milliləri Samarada üz-üzə gəliblər.
Oyun danimarkalıların hücumları ilə başlayıb. Artıq 7-ci dəqiqədə Yorgensenin ötürməsindən sonra Eriksen qüvvətli zərbə ilə topu qapıya yönəldib — 1:0. Bundan sonra danimarkalıların nailiyyəti artırmaq cəhdləri nəticə verməyib. Əvəzində 39-cu dəqiqədə avstraliyalılar penalti vurmaq hüququ qazanıblar. Bu penalti videotəkrarın köməyi ilə verilib. Yedinak dəqiq zərbə ilə topu Şmeyxelin qoruduğu qapıdan keçirib — 1:1. Birinci hissə bu hesabla sonuclanıb.
İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçib. Lakin komandalar hesabı dəyişə bilməyiblər — 1:1.
Beləliklə, iki turdan sonra Danimarka 4, Avstraliya isə 1 xal toplayıb.
Bu qrupdakı turun digər görüşü Fransa və Peru yığmaları arasında olacaq. Birinci turdan sonra Danimarka və Fransanın hərəyə 3 xalı var idi. Peru və Avstraliya ilk görüşdə məğlub olmuşdular.