Bakı, 21 iyun — Sputnik. Prezident İlham Əliyevə Azərbaycanın milli bayramı — Respublika Günü münasibəti ilə Tunis Respublikasının Prezidenti Beji Kaid və Kamerun Respublikasının Prezidenti Pol Biya təbrik məktubu göndəriblər. Sputnik Azərbaycan prezidentin rəsmi saytına istinadən təbrik məktublarının mətnini təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Azərbaycanın milli bayramı — Respublika Günü münasibətilə Zati-alinizə Tunis xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulamaqdan böyük məmnunluq hissi keçirirəm.
Mən, həmçinin fürsətdən istifadə edərək, dost xalqlarımızın qarşılıqlı marağı naminə ikitərəfli münasibətlərimizi daha da inkişaf etdirmək üçün Zati-alinizlə birgə işləmək arzusunda olduğumu bildirməkdən məmnunluq duyuram.
Hörmətlə,
Beji Kaid əs-Sebsi
Tunis Respublikasının Prezidenti".
"Kamerun Respublikasının Prezidenti Pol Biyadan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Azərbaycanın milli bayramı — Respublika Gününün yaratdığı xoş fürsətdən istifadə edərək Sizə səmimi təbriklərimi çatdırıram.
Sizə möhkəm cansağlığı, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.
Hörmətlə,
Pol Biya
Kamerun Respublikasının Prezidenti"