BAKI, 21 iyun — Sputnik. Futbol üzrə XXI dünya çempionatında D qrupunda ikinci tur start götürüb.
Nijni Novqorod şəhərində Argentina və Xorvatiya milliləri qarşılaşıblar. Görüşün ilk yarısı qarşılıqlı hücumlar şəraitində, xorvatların cüzi üstünlüyü ilə keçib. Lakin qapılara qol vurulmayıb — 0:0.
İkinci yarı da qarşılıqlı hücumlarla başlayıb. 53-cü dəqiqədə Argentinanın qapıçısı Kabalyero kobud səhv edərək topu xorvat Rebiçin üzərinə qaytarıb. Rebiç isə imkanı əldən verməyərək hesabı açıb — 1:0. 80-ci dəqiqədə isə Luka Modriç dəqiq və gözəl zərbə ilə hesab arasındakı fərqi artırıb — 2:0. Oyunun artırılmış birinci dəqiqəsində isə Rakitiç darmadağını rəsmiləşdirib — 3:0. Oyun bu hesabla başa çatıb.
Beləliklə, iki turdan sonra Xorvatiya 6, Argentina isə 1 xal toplayıb.
Bu qrupdakı ikinci turun digər oyununda İslandiya və Nigeriya milliləri üz-üzə gələcəklər.