BAKI, 20 iyun — Sputnik. Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradla əlaqədar iyunun 24-dən 26-a qədər Azadlıq meydanı və ona kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a bildirib ki, həmin ərazilərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Onun sözlərinə görə, hərəkət Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsünün üzərindən keçərək Yusif Səfərova doğru tənzimlənib. Bölmə rəisi vurğulayıb ki, Neftçilər prospektindən gələnlər Rəşid Behbudov küçəsinin kəsişməsindən 28 maya dönəcəklər, Puşkin küçəsindən gələnlər sağa, Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinə, Azadlıq prospektindən gələnlər isə Zərifə Əliyeva küçəsinin kəsişməsindən sağa, Rəşid Behbudov küçəsi istiqamətində hərəkət edəcəklər.
V.Əsədov həmin istiqamət üzrə hərəkət edən sürücülərə həmin günlərdə yol hərəkət istiqamətlərini nəzərə almağı və imkan daxilində ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edib.