BAKI, 20 iyun — Sputnik. Paraqvayda bir neçə gün evdə olmayan kişi geri qayıdan zaman dəfn mərasimi ilə üzləşib. Sputnik Azərbaycan The Mirror-a istinadla xəbər verir ki, dəfn edilən də… onun özü olub.
20 yaşlı Xuan Penayo bir neçə günlüyə xəbərsiz-ətərsiz yoxa çıxıb. Yerli polis isə yandırılmış cəsəd tapıb. Xuanın qohumları isə cəsədin ona məxsus olduğunu bildiriblər.
Hadisə baş verdiyi ərazi Braziliya ilə sərhəddir və polis nəzarətinin zəif olması səbəbindən orada cinayətkarlıq çiçəklənir. Buna görə də, gəncin öldürülməsi qohumları üçün o qədər də qəribə görünməyib.
Polis tapılan cəsədi Xuan Penayonun qohumlarına verib. Sonuncular isə onunla vida mərasimi təşkil ediblər. Amma Xuan gözlənilmədən "o dünyadan" qayıdaraq, qohumlarını həm qorxudub, həm də sevindirib.