BAKI, 19 iyun — Sputnik. Bakının Nərimanov rayonu ərazisində, Xətai metrostansiyasının yaxınlığındakı obyektlərdə başlayan yanğın söndürülüb.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "Taxta bazarı" kimi tanınan ərazidə yanğın saat 10:00 radələrində söndürülüb. Yanğın təxminən 10-dan artıq dükanda qeydə alınıb.
APA-nın verdiyi məlumata görə, yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını iştirak edib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.
"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb" — deyə Ş.İbadov vurğulayıb.
Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.
Etibar Mirzəyev bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: "Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək".