BAKI, 19 iyun — Sputnik. Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin ABŞ prezidenti Donald Trampın bütün dünyaya qarşı başladığı iqtisadi müharibə çərçivəsində Amerika şirkətlərinə qarşı əks-tədbirlərin tətbiq ediləcəyini açıqlayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti informasiya yayıb.
Bildirilir ki, Rusiya hökuməti ABŞ-dan ixraca qarşı balanslaşdırılımış tədbirlər tətbiq etmək niyyətindədir. Söhbət Amerika mallarına qarşı əlavə vergilərdən gedir. Tədbirlər ən yaxın günlərdə həyata keçiriləcək.
Nazirliyin nümayəndəsi qeyd edib ki, əks-tədbirlər ancaq Rusiya bazarında analoqu olan məhsullara tətbiq olunacaq və makroiqtisadi göstəricilərə mənfi təsir göstərməyəcək. Bu tədbirlər ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi vergilərə cavab olaraq həyata keçirilir. İqtisadi İnkişaf Nazirliyi nümayəndəsi verginin tətbiq ediləcəyi bütün malların siyahısını açıqlamayaraq, siyahının tezliklə dərc olunacağına söz verib.
Qeyd edək ki, artıq dünyanın bir çox ölkələri, o cümlədən Avropa ölkələri, Kanada, Çin və hətta Hindistan da Donald Trampın elan etdiyi birtərəfli iqtisadi "müharibəyə" cavab verib.