BAKI, 15 iyun — Sputnik. Yaponiyada çayda boğulduğu hesab olunan şəxs kremasiyasından (cəsədinin yandırılmasından) bir il sonra öz evinə qayıdıb. Bu barədə Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadən xəbər verir.
Tokio polisi xəbər verir ki, iyunun əvvəlində polis idarəsinə gələn qadın, bir il əvvəl öz həyat yoldaşı sandığı və kremasiya etdiyi cəsədin əslində ona məxsus olmadığını bildirib. Onun həyat yoldaşı itkin düşdükdən bir il sonra – may ayında gözlənilmədən evinə qayıdıb.
Polis hadisəyə görə üzr istəyib və yandırılan meyitin qalıqlarının digər ailəyə veriləcəyini bildirib. Onlar bildiriblər ki, 2017-ci ilin iyununda şəhərin şərqində çayda tapılan cəsədin əlamətləri həmin vaxt itkin düşmüş iki şəxsə uyğun gəlib. Hər iki şəxsin təxminən 40 yaşı olub, onların boyları da təxminən eyni olub. Həmçinin qadın və onun iki yaxın qohumu onun cəsədini tanıyıb. Cəsədin üzərində zorakılıq əlamətləri olmadığından məhkəmə tibbi ekspertlər əlavə araşdırma aparmayıblar.
Yaponiya polisi evə qayıdan kişinin bir il ərzində harada olduğunu və nə işlə məşğul olduğunu açıqlamayıb.