BAKI, 15 iyun — Sputnik. Rusiyada futbol üzrə dünya çempionatı davam edir. Sputnik Azərbaycan xəbər verir ki, "B" qrupunda İspaniya yığması Portuqaliya ilə qarşılaşıb. Soçi şəhərinin "Fişt" stadionunda baş tutan görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, bu matçdan öncə Sankt-Peterburqun eyniadlı stadionunda Mərakeş yığması ilə İran yığması qarşılaşıb. "B" qrupunun birinci oyununda Mərakeş İrana məğlub olub. Görüş 1:0 hesabı ilə iranlıların xeyrinə başa çatıb. İran komandasına qələbəni rəqibin oyuna sonradan daxil olan futbolçusu Əziz Buhadduzun 95-ci dəqiqədə vurduğu avtoqol gətirib.
İran yığması ikinci turda İspaniya, Mərakeş isə Portuqaliya millisi ilə qarşılaşacaq. Hər iki matç iyunun 20-də keçiriləcək.