BAKI, 15 iyun — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belarusun bu ölkədəki səfiri İqor Nazarçukla görüşü zamanı Yerevanın Minskin Bakıya silah satması ilə bağlı narahatlığını bildirib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Qriqoryan öz "Facebook" səhifəsində yazıb.
"Mən səfirə dərin narahatlığımızı çatdırdım. Belarus Ermənistanla dost ölkə ola-ola, onun qarşısında tərəfdaşlıq öhdəliyi ola-ola, Azərbaycan silah satır və bununla da regionda silahlanma yarışının başlamasını təşviq edir, regionda sabitliyin saxlanılmasına istiqamətlənən səyləri təhdid altına alır" – deyə Qriqoryan yazıb.
Qeyd edək ki, iyunun 12-də Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən, ölkəmizə gətirilən 301 mm-lik "Polonez"lər ordumuzun silahlanmasına daxil edilib.
Xatırladaq ki, ötən ilin oktyabrında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasına rəsmi səfəri zamanı bu ölkənin hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, ordumuzun silah arsenalını gücləndirə biləcək silah və texnika ilə yaxından maraqlanıb. Nazirin "Polonez"ə baxışından sonra Azərbaycan bu uzaqmənzilli reaktiv yaylım atəş sistemini sifariş edib.
"Polonez"-in ilk xarici nümayişi də 2016-cı ildə ölkəmizdə — "ADEX-2016" sərgisində olub. Ondan sonra Belarus tərəfi Azərbaycanla "Polonez" raket kompleksinin alqı-satqısına dair razılıq əldə olunduğunu açıqlayıb.
"Polonez"-in istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var. "Polonez"-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil.
2017-ci ildə Belarusda "MİLEX-2017" Beynəlxalq silah və hərbi texnika sərgisində "Polonez" RS30 tipli raketlərinin yeni variantını təqdim edib. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir.