BAKI, 14 iyun — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən BMT-də işğal olunmuş ərazilərimizdə yaratdığı qondarma rejim adından sənədlərin yayılmasına münasibət bildirib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, cari ilin may ayında Ermənistan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi bu ölkə tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim adından BMT-də sənəd yayıb. Bundan əvvəl də Ermənistanın BMT yanında Nümayəndəliyi tərəfindən bənzər addımlar atılmışdı:
"Bu məsələdə də Ermənistanın BMT yanında Nümayəndəliyi saxtakarlıq və BMT üzv dövlətlərini aldatmağa cəhd etmək yolunu seçib. Belə ki, Ermənistanın BMT yanında Nümayəndəliyi tərəfindən göndərilən məktuba qondarma rejim adından hər hansı bir sənəd əlavə edilir. Sonra bu Ermənistan KİV-də qondarma rejimin sənədinin, guya BMT-də yayılması kimi təqdim olunur. Əslində isə bu yalan və cəfəngiyatdır.
Bununla əlaqədar olaraq cari ilin 7 uyun tarixində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən BMT-nin Baş katibinə məktub ünvanlayıb. Elə həmin gün sənəd BMT Təhlükəsizliik Şurasının sədri tərəfindən TŞ-nin üzvləri arasında yayılıb və BMT-nin rəsmi sənədi kimi dərc olunub.
Məktubda BMT-nin TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrə istinad edilərək, orada ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunun bir daha təsdiqlənməsi, habelə ərazinin zəbt olunması üçün gücdən istifadə edilməsinin qəbuledilməzliyi və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması barədə tələbləri vurğulanıb".
Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim hərbi təcavüz və qanlı etnik təmizlənin nəticəsidir:
"Məktubda, həmçinin Ermənistan Respublikasının beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymayaraq Azərbaycana qarşı törətdiyi təcavüzə görə davamlı şəkildə məsuliyyətdən yayınması cəhdlərinə şərh verilərək, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə 2015-ci ildə qəbul etdiyi hüquqi qərara istinad edilib. Məlum olduğu kimi, məhkəmənin qərarında qondarma rejimin Ermənistanın nəzarətində olduğunu və onun siyasi, maliyyə, hərbi və digər dəstəyi sayəsində mövcud olduğu öz təsbitini tapıb.
Bir daha vurğulanıb ki, Ermənistan yürütdüyü təcavüz və anneksiya siyasəti ilə heç zaman güddüyü məqsədlərinə nail ola bilməyəcək, Dağlıq QarabağAzərbaycanın ayrılmaz hissəsidir, bu belə olub və gələcəkdə də belə olacaqdır və Ermənistanın öz qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmaqdan başqa yolu yoxdur.
Məktubda rəsmi Yerevanın öz xalqı və beynəlxalq ictimaiyyəti çaşdırmaq üzrə cəhdlərə son qoymalı və münaqişənin həll edilməsi məqsədilə üzərinədüşən öhdəliklərini yerinə yetirməli olduğu vurğulanıb və yalnız belə olan şəraitdə bölgədə çoxdan gözlənilən sülh və sabitliyin bərqərar ola biləcəyi qeyd olunub".