BAKI, 12 iyun — Sputnik. ABŞ və Şimali koreya liderləri Donald Tramp və Kim Çen Inın imzaladıqları yekun sənədin mətni açıqlanıb. Sputnik Azərbaycan "Haber7"-yə istinadən xəbər verir ki, iki ölkə liderlərinin Birgə Bəyannaməsində tərəflərin dərin və səmimi fikir mübadiləsi apardıqlarıı bildirilir.
Sənəddə rəsmi Pxenyanın nüvəsizləşdirilməyə sadiq qaldığı bir daha vurğulanır. Mətndə tərəflərin gələcək addımlarını əks etdirən daha dörd bənd var:
1. Birləşmiş Ştatlar və Şimali Koreya, iki ölkə xalqının davamlı sülh və rifahı üçün ABŞ – Şimali Koreya əlaqələrini inkişaf etdirmək üçün çalışacaq;
2. Birləşmiş Ştatlar və Şimali Koreya davamlı və uzunmüddətli sülh üçün güclərini birləşdirəcək;
3. 27 Aprel Panmunjom bəyanatına uyğun olaraq, Şimali Koreya Koreya yarımadasını nüvəsizləşdirmə istiqamətində çalışmalara başlayacaq;
4. Şəxsiyyəti müəyyən edilən şəxslərin ölkələrinə geri qaytarılması da daxil olmaqla, müharibə məhkumları və itkin düşənlər üçün birgə səy göstəriləcək.
Qeyd edək ki, bu gün Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüş baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, liderlər təkbətək və geniştərkibli formatda keçirilmiş görüşləri ümumilikdə bir saat yarım davam edib. Görüşdən sonra tərəflər birgə sənəd imzalayıblar.