İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 12 iyun — Sputnik. Mingəçevir şəhəri istirahət məkanları və parkları, xüsusən də yaşıllıqları ilə məşhur olub. Hansı ki, həmin park və istirahət məkanlarını indiyədək ətri insanı valeh edən qızıl güllər, xoş ətirli çiçəklər bəzəyib.
Lakin artıq bir müddətdir ki, şəhərin yaşıllıq ərazilərindəki həmin gülləri başgicəlləndirici qoxuya malik "cəhənnəm ağacı", "zəqqum çiçəyi" adlandırılan bitkilər əvəz edir. Demək olar ki, şəhərin bütün istiqamətlərində bu bitkiləri görmək mümkündür.
Əsl adı "oleandr" olan bu təhlükəli bitkiyə, söyüd ağacının yarpaqlarına bənzədiyinə görə, ölkəmizdə "söyüd gülü" də deyirlər. Quraqlığa və bütün iqlim şərtlərinə davamlılığı onu istənilən şəraitdə yetişdirməyə imkan yaradır. Bəzi iddialara görə isə, qiymətinin ucuz olması bu bitkinin yaşıllaşdırmada daha geniş istifadə olunmasına səbəb olur.
Təhlükəliliyinə gəlincə, bütün növləri zəhərli olan bu gül kollarının təsiri insan ölümünə də səbəb ola bilir. Hətta nə qurudulduqda, nə də qaynadılmış halda zəhərlilik xüsusiyyətini itirir.
Oleandr haqqında, onun öldürücü zəhəri barəsində bir çox əfsanələr var. Onlardan biri Makedoniyalı İsgəndərin qərib məmləkətdə gecələmək istəyən döyüşçüləri haqqındadır.
Belə ki, İsgəndərin döyüşçüləri kiçik Asiya yaylasından Hindistana doğru irəliləyərkən yemək bişirmək üçün gözəl və yaraşıqlı çiçəkləri olan ağacın zoğlarını qırıb ocaq qalayırlar. Yeyib-içəndən sonra əhvalları yaxşılaşır, lakin səhər açılanda onlardan heç biri yuxudan ayılmır. Digər variantında isə, əsgərlərin həmin gülün budaqlarından şiş düzəldib, kabab bişirdikləri üçün öldükləri deyilir.
Elə bu səbəbdən də "zəqqum ağacı"nın bir çox ölkələrdə məktəb və uşaq bağçalarının ətrafında əkilməsi qadağandır. "Zəqqum kolları" Azərbaycana quraq və neftlə çirklənmiş ərazilərin yaşıllaşdırılması üçün gətirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında çoxaldılıb. Lakin əziyyətsiz gözəllik həvəskarları bu kolu yaşayış yerlərinin bəzəyinə çeviriblər.
Sputnik Azərbaycan-ın bögə müxbiri Mingəçevir sakinləri arasında bu məsələ ilə bağlı sorğu aparıb. Təəssüflər ki, sorğuda iştirak edənlərin əksəriyyəti bu gül kolları haqqında məlumatsız olduqlarını, sadəcə gözəlliyindən zövq aldıqlarını bildiriblər.
Müxbirimiz "zəqqum kolları"nın Mingəçevirə ayaq açması barədə Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirovun da fikirlərini öyrənib. İdarə rəhbəri bu ağacların zəhərli olması barədə mətbuatdan eşitdiyini, indiyədək bu kollardan kiminsənin zərər çəkmədiyini deyib.
"Əgər bu kolların zərərli olduğu və becərilməməsi barədə hər hansı ekspertiza rəyi olarsa, onların yerinə başqa gül kollarını becərməyə hazırıq" — deyə Ə.Ağamirov əlavə edib.