BAKI, 12 iyun — Sputnik. Azərbaycandan qazı Avropa İttifaqına çatdıracaq marşrut – "Cənub Qaz Dəhlizi" Avropa İttifaqının enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətli layihədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç bəyan edib.
"Cənub Qaz Dəhlizi" layihəsi Avropa ittifaqının enerji təhlükəsizliyi üçün olduqca strateji layihədir. Bu layihənin xüsusilə Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi həssas yerlərdə əhəmiyyəti böyükdür", — deyə Şefçoviçin bəyanatında qeyd olunur.
O, həmçinin Xəzər qazının 2020-ci ilə qədər Avropa İttifaqına çatacağına ümid etdiyini bildirib.
Avropa Komissiyasının vitse-prezidenti eyni zamanda vurğulayıb ki, Avropa İttifaqının uzunmüddətli hədəfi azad ticarət, rəqabət, müxtəlif enerji mənbələri və çatdırılma marşrutlarına hesablanan ümumavropa enerji bazarının yaradılmasıdır.
Qeyd edək ki, bu gün Türkiyənin Əskişəhər şəhərində Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi olub. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bir çox ölkənin dövlət və hökumət başçıları, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri də iştirak ediblər.
Xatırladaq ki, ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır.
TANAP layihəsi "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.