İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 10 iyun — Sputnik. Bu gün səhər saat 5 radələrində qərb rayonlarında küləklə müşahidə olunan güclü yağış bir sıra fəsadlar yaradıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Tovuz rayonunda müşahidə edilən güclü leysan kənd təsərrüfatına, fərdi evlərə ziyan vurub.
İki saata yaxın davam edən güclü yağış qərb rayonlarında, əsasən də Tovuzda bır sıra fəsadlar yaradıb. Təbiət hadisəsi kənd təsərrüfatı sahələrinə, xüsusilə də taxıl sahələrinə ciddi ziyan vurub. Rayon mərkəzinə elektrik enerjisinin verilməsi dayandırılıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub.
Bundan başqa, rayon mərkəzində iki yeraltı keçidi su basıb. Bu keçidlərdən biri avtomobillərin, digəri isə sərnişinlərin hərəkətini təmin edir. Akif Əsgərova məxsus "Mercedes" markalı avtomobil isə keçiddə batıb.
Rayon fövqəladə hallar komissiyasının sədri Mübariz Məmmədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 7 ünvanda subasma haqda məlumat daxil olub. Onlardan 5-i yaşayış evidir. Hazırda aidiyyatı qurumlar tərəfindən təbii fəlakətin aradan qaldırılması istiqamətində təbirlər görülür. Piyada və maşın keçidində sudan təmizləmə işləri aparılır.