CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özlərini Nuh peyğəmbərin nəslindən hesab edirlər, 5 min il yaşları var

© Sputnik / Leyla AbdullayevaXınalıq kəndi
Xınalıq kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
"Xınalıq təkcə Azərbaycanda deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir"

Leyla Abdullayeva — Sputnik Azərbaycan

BAKI, 9 iyun — Sputnik. Yoldaşlarla "may ayında harada qar tapmaq olar" deyə müzakirələr apararkən bir anda yadımıza Qubanın Xınalıq kəndi düşdü. Hazırlaşdıq və yolumuzu Xınalıqdan salmaq qərarına gəldik. Yol boyu bizi nələr gözlədiyini heç təsəvvür belə etmirdik.

© Sputnik / Leyla AbdullayevaXınalıq kəndinə gedən yol
Xınalıq kəndinə gedən yol - Sputnik Azərbaycan
Xınalıq kəndinə gedən yol

Xınalığın yollarıyla irəlilədikcə insanı vahimə bürüyürdü. Getdikcə yollar qısalır, maşından aşağıya doğru — dərəyə baxdıqca insanın gözü qaralırdı. Hər an uçurumun dibinə düşmək qorxusu ixtiyarsız olaraq sükut yaratmışdı. İrəlilədikcə, sanki dağlar daha da böyüyür, hər daşı bir tarixi hadisəni xatırladırdı. Nəhayət ki, sağ-salamat gəlib qədim Xınalığa çatdıq.

© Sputnik / Leyla AbdullayevaXınalıq kəndi
Xınalıq kəndi  - Sputnik Azərbaycan
Xınalıq kəndi

Dəniz səviyyəsindən 2450 metr yüksəklikdə, rayon mərkəzindən 57 kilometr uzaqlıqda yerləşən Xınalıq Avropanın və Azərbaycanın ən yüksək dağ kəndlərindən biri hesab edilir. Xınalıq həm də əfsanəvi kənd kimi tanınır. Bizi kənddə ilk qarşılayan, təxminən 5-6 yaşlarında qırmızıyanaq, əlləri çatlaq-çatlaq olmuş, anasının toxuduğu corabları satmaq üçün sağa-sola vurnuxan qızcığaz oldu.

Daha sonra kəndin axundu Yusif Şabanovla görüşdük. O, bizə kəndin tarixi haqqında məlumat verdi: "Bu kənd 5000 illik tarixə malikdir. Xınalıq fenomeni təkcə Azərbaycanda deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. Kəndin adı babalarımız tərəfindən qarşıdakı dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq verilib. 19 əsrin 50-60-cı illərindən bu yana kəndin adı Xınalıq adlandırılıb".

© Sputnik / Leyla AbdullayevaBurada dağların zirvəsində il boyu qar olur
Burada dağların zirvəsində il boyu qar olur - Sputnik Azərbaycan
Burada dağların zirvəsində il boyu qar olur

Həmsöhbətimiz qeyd etdi ki, bu füsunkar kəndin tarixi haqqında tədqiqatlar çox azdır. tarixçilərin ilkin araşdırmalarına görə, Xınalıq kəndi bizim eramızdan əvvəl salınıb.

Kənd axundu bizə, həmçinin maraqlı faktlar açıqladı. Qeyd etdi ki, kənd sakinləri özlərini Nuh peyğəmbərin nəslindən hesab edirlər. Və buna görə də özlərini çox xoşbəxt bəndələrdən sayırlar. "Bizim kökümüz, nəslimiz Nuh peyğəmbərin dövrünə qədər gedir. Babalarımız danışırdı ki, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirmiş. Sonradan zəlzələ zamanı orada heç bir ev salamat qalmayıb, hamısı dağılıb. Bu zəlzələ zamanı sağ qalanlar çayı keçərək kiçik bir təpəyə qalxıb. Və beləliklə Xınalıq kəndi yaranıb".

Gənc Tamaşaçılar teatrı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Qızıl" anbar, süngər keçi, qaranlıq dəhliz... - Bir əsrlik məbəddən reportaj

"Xınalıq Nuhdan sonra ilk insan həyatının başlandığı yer kimi də qələmə alınıb. Uzun illər gediş-gəlişin çətin olduğu bu məkanda yaşayan xınalıqlıların müasir dövrümüzə qədər öz varlıqlarını qoruyub saхlamalarının əsas səbəbi, məhz başqa хalqlarla qaynayıb-qarışmamalarıdır", — deyə əlavə edir həmsöhbətimiz.

Xınalığı başqa kəndlərdən fərqləndirən xüsusiyyət təkcə hündürlükdə yerləşməsi deyil. Eyni zamanda kənd əhalisinin maraqlı dilə mənsub olması bura gələn turistlərin də böyük marağına səbəb olur. Kənd sakinləri dünyada oxşarı olmayan unikal dildə danışırlar. Onların bəziləri bu dilin Nuh peyğəmbərin danışdığı dildən qaldığını, bəziləri isə Ural dil qrupuna aid olduğunu zənn edirlər. Maraqlı tərəfi isə budur ki, bu dilin heç bir dialekti və ləhcəsi yoxdur.

Kənd əhalisi bu bənzərsiz dilin 30-40 faizinin unudulmaq üzrə olduğunu təəssüf hissi ilə onu da vurğuladı. Buna səbəb kimi isə Dağıstanda və Rusiyada təhsil alıb qayıdan gənclərin rus və ləzgi dillərində danışdıqlarını göstərdilər.

Hər daşı bir tarixdən xəbər verən, əsrarəngiz gözəlliyə məxsus bu kəndin özünəməxsus maraqlı adət-ənənələri də olub. Bəzi ailələrdə hələ də həmin adət-ənənələr davam etməkdədir. Onlardan maraqlısı da toy adətləridir. Belə ki, burada qız toyu olmur. Gəlin köçəndə qızı dayısı evinə aparılar və oradan ər evinə yola salırlar.

Həmçinin "kəbin kəsdirmə" mərasimində qızla oğlanın "kəlmeyi-şəhadəti" dillərinə gətirmələri mütləqdir. Yerli camaatın fikrincə, əgər oğlanla qız "kəlmeyi-şəhadəti" bir-birinin dilindən eşitməsə onların uşaqları sağlam və tərbiyəli olmazlar.

Bu gözəl məkan el arasında həm də "müqəddəs torpaqlar" adlandırılır. Çünki burada çoxlu sayda ziyarətgahlar yerləşir. Xınalıq ərazisində 31 türbə və ziyarətgah var ki, onların 16-sı İslam dövrünə aiddir. Qalanı isə İslama qədərki inanclarla bağlı olub və əhali tərəfindən müqəddəsləşdirilmiş ziyarət yerləridir.

Müsahibimiz Yusif kişi bizə bir dərənin ən ucqar nöqtəsini göstərib Xınalığın müqəddəs torpaq olması ilə bağlı hadisələrdən sübutlar gətirməyə çalışdı: "Bizim torpaqlarımız çox müqəddəsdir. Bu kənddə təbii fəlakət demək olar ki, baş vermir. Bu torpaqlar, el dili ilə desək, qan götürmür. Bu hündür qayadan 3 yaşlı uşaq yumurlanıb çaya düşdü. Amma uşağın heç burnu da qanamadı".

Ərzurum qalasından şəhərə açılan mənzərə - Sputnik Azərbaycan
"Arzi" - "Rum"-da dörd gün: Atatürkün evi, min illik qala, türkü ilə türk qəhvəsi

"Görürsünüzmü, buradan aşağı baxanda adamı vahimə basır. Buna baxmayaraq, uşaq sağ qaldı və hazırda həmin uşaq məktəblidir. Bir neçə il qabaq bir cavan gəlin o intihar məqsədilə özünü o sıldırım qayanın başından atmışdı. Amma ona da heç nə olmadı. Belə hadisələr keçmişdə də, bu günümüzdə də çox olub. Amma kimsənin burnu belə qanamayıb", – deyə kənd axundu danışdı.

Kənd camaatının dediyinə görə, yeganə çətinlikləri qış vaxtı kəndə gediş-gəlişin çətin olmasıdır. Qışda, demək olar ki, rayonla əlaqə tamam kəsilir. Ona görə də xınalıqlılar xəstələnməməyə çalışırlar.

Bir neçə saatlıq da olsa, Xınalıq kəndi bizi, sanki nağıllar aləminə apardı. Məsləhət görərdik ki, həm yerli, həm də xarici turistlər mütləq Xınalığa üz tutsunlar. Eynən bizim kimi, kəndin sirrinə-sehrinə düşsünlər.

Xəbər lenti
0