BAKI, 8 iyun — Sputnik. ABŞ səfirliyinin dəstəyi ilə Abşeron rayonunun Masazır kəndində yerləşən Laçın rayon Çıraqlı kənd orta məktəbində yaradılmış "Amerika rəfi"nin açılış mərasimi keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil, Təhsil Nazirliyinin, rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Uilyam Gil bu məktəbin uşaqların yaxşı təhsil almasına imkan yaratmaq məqsədilə tikildiyini vurğulayıb: "Məktəb ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramının məcburi köçkünlər üçün ölkənin müxtəlif yerlərində inşa etdiyi 16 məktəbdən biridir. Bizim bu məktəblə əməkdaşlığımız açılış günündən indiyə qədər davam edir. Düşünürəm ki, bu gün məktəbə gətirdiyimiz Amerika ədəbiyyatı nümunələri şagirdlərdə maraq oyadacaq. Bu məktəb ABŞ-Azərbaycan arasındakı möhkəm əməkdaşlığın göstəricisidir. Biz Azərbaycan və azərbaycanlılarla uzunmüddətli əməkdaşlığa sadiqik. Azərbaycanlılar deyəndə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən məcburi köçkünlər də bura daxildir".
Daha sonra çıxış edən məktəb direktoru İlham Çıraqov məktəb haqqında qısa məlumat verərək təhsil müəssisəsində 615 şagirdin təhsil aldığını, eləcə də 45 müəllim, 17 texniki işçi fəaliyyət göstərdiyini qeyd edib.
Qeyd edək k, eyni proqram çərçivəsində ABŞ səfirliyi Bərdənin Güloğlular kəndindəki məcburi köçkünlər üçün 17-nci məktəbin inşasını dəstəkləyir. 1991-ci ildən ABŞ Azərbaycana 1,3 milyard ABŞ dolları məbləğində dəstək verib. ABŞ Müdafiə Departamenti məcburi köçkün icmalarının həyat və yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş, məktəb tikintisi və su layihələri də daxil olmaqla, 22 humanitar yardım layihəsini maliyyələşdirmək üçün 5,5 milyon ABŞ dollarından çox vəsait ayırıb. 1991-ci ildən etibarən Amerika Birləşmiş Ştatları məcburi köçkünlərə yardım üçün 125 milyon ABŞ dollarından artıq maliyyə ayırıb.