BAKI, 8 iyun — Sputnik. Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edən qadın saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 7-də Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə əcnəbi vətəndaş müraciət edib. Şikayətçi bildirib ki, 2017-ci ilin fevral ayında Sevinc adlı şəxs paytaxt ərazisində ona alması üçün ev tapacağını vəd edərək aldadıb və 77.000 manatını mənimsəyib.
Əcnəbi vətəndaşın şikayətindən sonra polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Mirzəyeva müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.