BAKI, 7 iyun — Sputnik. ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə telefon danışığı zamanı ona 1814-cü ildə Ağ Evin yandırılmasını xatırladıb. Bu barədə Sputnik Azərbaycan "CBC"-yə istinadən xəbər verir.
Danışıq zamanı tərəflər polada və alüminiuma görə ABŞ-ın Kanadaya qarşı vergi tətbiq etməsini müzakirə ediblər. Mayın 25-də baş tutan danışıqlarda Trüdo Trampı yeni tariflərlə bağlı fikrindən daşındırmağa çalışıb.
"Uşaqlar, məgər siz Ağ Evi yandırmamışdınız?" – deyə Tramp Trüdoya cavab verib.
Qeyd edək ki, 1814-cü ildə İngiltərə-ABŞ müharibəsi zamanı Britaniya qoşunları Ağ Evi yandırıb. Müasir Kanadanın ərazisi o vaxtlar Britaniyanın koloniyası olub, onların sakinləri isə münaqişədə Krallıq tərəfdən çıxış ediblər.