CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər kəsin şükranını qazanan adam: Qarabağ qazisi kimsənin etmədiyini etdi

© Sputnik / Ilham MustafayevQoşqar Qarayevin saldığı park
Qoşqar Qarayevin saldığı park - Sputnik Azərbaycan
Abunə olmaq
O, yaratdığı gülüstanda aprel qələbəsinin şərəfinə 14 metrlik bayraq ucaldıb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. Elə insanlar var ki, böyük əziyyət hesabına olsa belə, yaşadığı ərazini abadlaşdırmağa, gözəlləşdirməyə çalışırlar. Heç bir maddi maraqları olmadan gördükləri işə böyük enerji də sərf edirlər. Lakin onlarla söhbət zamanı məlum olur ki, çəkdikləri əziyyət, çox olmasına baxmayaraq, aldıqları mənəvi zövqlə müqayisədə cüzidir.

Goranboy rayon Qazaxlar kənd sakini Qoşqar Qarayev də bu cür əziyyətdən zövq alan insanlardandır. İstefada olan zabit, Qarabağ müharibəsi veteranı, hazırda isə Goranboy rayon Borsunlu kənd 2 saylı orta məktəbdə hərbi rəhbər olan Qoşqar müəllim, yaşadığı kənddə kol-kos basmış bataqlıq ərazini təmizləyərək gülüstana çevirib. 10 sotluq ərazidə kiçik park yaradıb. O, buna 3 ildir çəkdiyi zəhmət nəticəsində nail olub.

© Sputnik / Ilham MustafayevGoranboy rayon Qazaxlar kənd sakini Qoşqar Qarayev
Goranboy rayon Qazaxlar kənd sakini Qoşqar Qarayev - Sputnik Azərbaycan
Goranboy rayon Qazaxlar kənd sakini Qoşqar Qarayev

Q.Qarayev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bu işin onun uşaqlıq arzusu olduğunu deyib, həmçinin belə bir istəyin yaranma səbəbindən danışıb: "Qazaxlar kiçik kənddir. Uşaq vaxtı bizim kəndin uşaqları başqa kənddə məktəbə gedirdik. Orda bizim kəndin uşaqlarına bir qədər rişxəndlə, yuxarıdan aşağı baxırdılar. Buna səbəb kəndimizdə çayxana, park, dükan, bir sözlə, heç bir ictimai-iaşə obyektinin olmaması idi. Mən o vaxtdan qərara gəldim ki, böyüyüb təhsil aldıqdan sonra doğma kəndimizdə özüm bunu yaradacağam".

2000-ci ildə ordudan ehtiyata çıxan Qoşqar müəllim bu ideyasını əvvəlcə kənd bələdiyyəsinə bildirib, onun üçün yer ayrılmasını istəyib. Bələdiyyə tərəfindən müxtəlif yerlər göstərilsə də, o, kəndin mərkəzində yerləşən bərbad vəziyyətdəki ərazini seçib.

Ərazini abadlaşdırmaq onun üçün heç də asan başa gəlməyib: "Bura əvvəl bərbad və bataqlıq bir yer olub. Mənə dedilər ki, "burada heç bir şey əmələ gətirə bilməyəcəksən". Lakin gecə-gündüz əziyyət sayəsində belə bir yer hazırlaya bildim. Demək olar, hər gün səhər saat 8-dən gecə 2-dək burada oluram, ağaclara, güllərə qulluq edirəm, suvarıram. İşimdən mənəvi zövq alıram".

İki il əvvəl yaratdığı gülüstana 4 gül kolu alıb basdırdığını deyən zəhmətkeş hazırda burada 8 min gül kolunun, 10-larla çiçək növünün olduğunu söyləyir. O, hər gün parka kənd sakinlərinin, qonaqların, yaşlı və cavan nəslin nümayəndələrinin gəldiyini və ona təşəkkür etdiyini deyir.

Qeyd edir ki, hətta kənddən Azərbaycanın başqa bölgələrinə köçmüş, ölkə hüdudlarından kənarda yaşayan insanlar belə sosial şəbəkələrdə parkın fotolarını görüb onunla əlaqə saxlayırlar. Gördükləri mənzərənin həqiqətən də onların kəndi olmasına təəccüb edirlər. Qoşqar müəllim vurğulayır ki, aldığı hər telefon zəngi, eşitdiyi hər təşəkkür onu qurub-yaratmağa daha da həvəsləndirir.

© Sputnik / Ilham MustafayevƏvvəllər bataqlıq olan bu ərazi indi kənd sakinlərinin gündəlik istirahət yerinə çevrilib
Əvvəllər bataqlıq olan bu ərazi indi kənd sakinlərinin gündəlik istirahət yerinə çevrilib - Sputnik Azərbaycan
Əvvəllər bataqlıq olan bu ərazi indi kənd sakinlərinin gündəlik istirahət yerinə çevrilib

Q.Qarayevin yaratdığı gülüstanın düz mərkəzində ucalan üç rəngli Azərbaycan bayrağı daha çox diqqət çəkir. Həmsöhbətimiz bu bayrağı 2015-ci il aprel qələbəsinin şərəfinə ucaltdığını deyir. Əlavə edir ki, torpaqlarımız işğaldan azad edilən gün bu bayrağın dirəyini azı iki dəfə də yüksəldəcək.

Həmsöhbətimizdən bu gözəl arzusunun çin olması diləyi ilə ayrılırıq. Ümid edirik ki, Qoşqar Qarayev kimi insanlarımız digərlərinə örnək olacaq, belə təmənnasız zəhmətkeşlərin sıraları daha da genişlənəcək.

Xəbər lenti
0