BAKI, 7 iyun — Sputnik. Paytaxtda yerləşən Dövlət Bayrağı Meydanının sökülməsi ilə bağlı məlumat yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, məlumat sosial şəbəkələrdə yayılıb və bunu özündə əks etdirən foto paylaşılıb. Fotoda Bayraq Meydanı üzərində ekskavator işlədiyi, meydanın bir hissəsinin qazıldığı görünür.
Lakin Sputnik Azərbaycan-ın məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən açıqlama almaq səyləri nəticə verməyib.
Xatırladaq ki, Dövlət Bayrağı Meydanının yaradılması barədə prezident sərəncamı 2003-ci il oktyabırın 5-də imzalanıb. Eyni zamanda Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalanıb. Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində — Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Bayraq meydanında ucaldılmış dayağın hündürlüyü 162 metr olub. Burada bir zamanlar asılan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqram olub. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Amma bir müddət əvvəl meydandan bayraq çıxarıldı, sonra isə dirəyi söküldü.