BAKI, 5 iyun — Sputnik. “Yalan detektoru”ndan istifadə edilməklə həyata keçirilən ekspertiza deputat Nadejda Savçenkonun zorakılıq yolu ilə Ukraynada Konstitusiya quruluşunu dəyişmək planı hazırladığını üzə çıxarıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.
Xəbərə əsasən, Savçenko hökumət binalarının yerləşdiyi ərazi və Ali Radada terror aktları törətməyə hazırlaşıb.
Qeyd edək ki, Savçenkonun adı martın 8-də Donbasda təmas xəttində saxlanılan "Zabit korpusu" adlı qeyri-hökumət təşkilatının sədri, separatçılarla Ukrayna hökuməti arasında əsir və girov mübadiləsi məsələləri ilə məşğul olan Vladimir Rubanla bağlı məsələdə hallandırılır.
Belə ki, separatçılarla görüşdən qayıdan V. Rubanın avtomobilində xeyli silah-sursat aşkarlanıb. Martın 9-da Kiyev məhkəməsi onun haqqında 2 aylıq həbs qərarı verib. Ukrayna hüquq-mühafizə orqanları V. Rubanın ölkə rəhbərliyinə qarşı terror aktı planlaşdırdığını bildirir.
Xatırladaq ki, 35 yaşlı keçmiş ukraynalı hərbçi N. Savçenko 2014-cü il 23 iyun tarixində döyüşlər zamanı saxlanılaraq Rusiyaya aparılıb və həbs edilib. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunub. 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə əfv olunub. O, Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən Ukrayna qəhrəmanı adını alıb.