Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 5 iyun — Sputnik. İsrail vətəndaşı Bakıda soyğunun qurbanı olub. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 11-ci bölməsinə 1950-ci il təvəllüdlü İsrail vətəndaşı Kaplan Raxel Nikolayevna ərizə ilə müraciət edib. Qadın bildirib ki, bu il mayın 25-də 10 günlüyə Azərbaycana gəlib. İyunun 3-də palçıq vulkanlarına baxmaq üçün Qobustan qəsəbəsinə gedib. Turist vulkanlara baxarkən, onu bura gətirən taksinin sürücüsü maşının salonundakı 300 manat dəyərində olan gödəkçəni götürüb. Taksi sürücüsü israilli qadını vulkanda qoyaraq onun gödəkçəsi ilə birlikdə ərazini tərk edib.
Məsələ ondadır ki, iyunun 5-də Kaplan İsrailə qayıtmalıdır. Odur ki, 11-ci polis bölməsinin əməkdaşları qarşısında vacib məsələ dayanır — qısa müddətdə taksi sürücüsünü və Kaplanın gödəkçəsini tapmaq…