Kəmalə Əliyeva, Sputnik Azərbaycan
Azərbaycanın xalq artisti Emin Ağalarov Tbilisidə möhtəşəm şou təşkil edib. Şou müğənninin "Bumeranq 2018" böyük musiqi turu çərçivəsində baş tutub. İfaçının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, konsert yüksək səviyyədə anşlaqla keçib.
Gürcü tamaşaçılara müğənninin solo konsertində onun 2017-ci ildə yayımlanmış musiqiləri, eləcə də onun yeni "Prosti, moya lyubov" duet albomundakı kompozisiyaları təqdim edilib. Emin özünün rus və ingilis dillərində olan Still, ""Ya luçşe vsex jivu", "Ryadom prosnutsya", Boomerang, Good Love, Amor və digər mahnılarını tamaşaçıları ilə paylaşıb. Bununla yanaşı, müğənni tamaşaçılar üçün bir neçə sürpriz də hazırlayıb. Bu sürprizlər tamaşaçıları valeh edib və onlar uzun müddət Emini səhnədən buraxmaq istəməyiblər.
"Bumeranq 2018" turu davam edir və yaxın zamanlarda Emin özünün digər ölkə və şəhərlərdəki pərəstişkarlarını da sevindirəcək.
Qeyd edək ki, Eminin konsert turu ilə yanaşı "Bomeranq Dobra" xeyriyyə aksiyası da davam edir. Bu aksiya çərçivəsində bu və ya digər şəhərlərdəki uşaq müəssisələri üçün vəsaitlər toplanır. Vəsaitlər suvenirlərin satışından əldə edilir. Turun başlanğıcından etibarən artistin komandası bir sıra xeyriyyə fondları və müğənninin öz konsertləri zamanı himayəçiləri ilə şəxsən görüşdüyü uşaq evləri ilə əməkdaşlıq qurub.
Ağalarov bir sıra beynəlxalq mükafatların laureatıdır. Onun mükafatları sırasında World Music Awards, "Azərbaycandan olan ən yaxşı ifaçı", "Zolotoy qrammofon" (Qızıl qrammofon) "Premiya Muz-TV" (Muz-TV-nin mükafatı) və digərləri var. Emin müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış edir.
Muğənninin musiqi aktivində 9 ingilisdilli albom, dünyanın aparıcı musiqi şirkətləri olan Warner Music və Sony ATV Music Publishing-lə müqavilələri var. Ağalarov həmçinin Qriqori Leps və Sergey Kojevnikovla birlikdə hər il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısıdır.