Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 4 iyun — Sputnik. Paytaxtın Binəqədi rayonu, Xocahəsən qəsəbəsinin sakinləri zibil qabında dəhşətli bir tapıntıya rast gəliblər. Binəqədi Rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məişət tullantıları zibilliyində qutunun içində yeni doğulmuş qız uşağının cəsədi tapılıb.
Məlum olub ki, qız 7 aylıq, yarımçıq doğulub. O, doğularkən sağ olub. Ölüm sonra baş verib. Hüquq mühafizəçiləri hazırda uşağın kim tərəfindən dünyaya gətirildiyi, öldürüldüyü və zibil qutusuna atıldığını müəyyən etməyə çalışırlar.
Qeyd edək ki, Azərbaycanda selektiv abortlar nəticəsində oğlan uşaqlarının sayı nəzərəçarpacaq dərəcədə artıb. Statistik məlumatlara görə, oğlanların sayı qızlarla müqayisədə 4-5% artıb. Parlament üzvlərinin fikrincə, bu, çox ciddi problemdir. Beş il əvvəl bu göstərici 1% təşkil edirdi.