BAKI, 4 iyun — Sputnik. Rusiya KİV-lərində belə bir informasiya yayılıb ki, azərbaycanlı müğənni Afaq Aslan "Lotu Quli" ləqəbli "qanuni oğru" Nadir Səlifovla sevgi romanı yaşayır. Sputnik Azərbaycan-ın müxbiri bu şayiələrin nə dərəcədə əsaslı olduğuna aydınlıq gətirmək üçün müğənninin özü ilə əlaqə saxlayıb.
Afaq Aslan deyib ki, o, heç vaxt heç bir yerli və xarici KİV-ə müsahibəsində öz şəxsi həyatı barədə danışmayıb. Çünki o, bunu lazımlı bilməyib. Onun sözlərinə görə, tamaşaçını onun şəxsi həyatı deyil, yaradıcılığı maraqlandırmalıdır.
"Mən heç vaxt öz şəxsi həyatım barədə danışmamışam və gələcəkdə də bunu etmək fikrində deyiləm. Bu məsələ də şəxsi sayılır. Ola bilsin ki, gələcəkdə, nə vaxtsa bu baş verəcək, amma indi deyil" — deyə Aslan "Lotu Quli"nin sevgilisi olduğu barədə suala cavabında bildirib.
Müğənni onu da əlavə edib ki, KİV-in yazdıqlarına heç də həmişə inanmaq lazım deyil. Müxbirimizin "nə vaxtsa kriminal dünyadan olan kişilərlə görüşməyə razı olub-olmayacağı" barədə sualı isə Afaq Aslanı özündən çıxarıb: "Kriminal avtoriteti də ana doğub, onun da valideynləri var, onun da ürəyi var, onların hər biri bizim kimi insanlardır".
"Mənim üçün məhəbbət adi hisslərin fövqündədir. Əgər mən bu adamı sevirəmsə, mənim üçün onun nə işlə məşğul olmasının, vəzifəsinin, peşəsinin, statusunun fərqi yoxdur. Mən sizə öz sevdiyim insan barədə danışmayacağam. Çünki bunu istəmirəm. Bu, mənim şəxsi həyatımdır və onun gündəmdə olmasını istəmirəm" — deyə Afaq Aslan bildirib.
Müğənni "Lotu Quli"nin sevgilisi olduğu barədə yayılmış şayiələri nə təsdiq, nə də təkzib edib.
Afaq Aslan Azərbaycanın tanınmış müğənni və modelidir. O, təkcə ölkəmizdə deyil, Türkiyədə də məşhurdur.
Qeyd edək ki, "Lotu Quli" hazırda Türkiyədə yaşasa da, yerli KİV onun son günlər Azərbaycana gəldiyini yazıb. "Lotu Quli" 22 illik həbs həyatından sonra ötən il oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb və Türkiyədə tikinti biznesi ilə məşğul olan qardaşlarının yanına yerləşib. O, post-sovet məkanının kriminal aləmində söz sahiblərindən biri olaraq qalır. Bu ilin fevralında Ukrayna Milli Polisi "Lotu Quli" ləqəbli azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun yerli kriminal dairələr üzərində artan nüfuzundan narahatlığını ifadə etmişdi. Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin özünün "Facebook" səhifəsində yazıb ki, 22 il həbsxanada yatmış Nadir Səlifov Türkiyədə oturaraq ətrafına cinayətkar klan toplamağa başlayıb və paralel olaraq Ukrayna ərazisinə də öz təsirini yayır.
"Onun azadlığa çıxmasından dərhal sonra Ukrayna ərazisində meyvə-tərəvəz bazarında ticarətlə məşğul olan müxtəlif millətlərdən olan (erməni, ukraynalı) şəxslərin oğurlanmasına başlanılıb. Nadir Səlifov çox müasir cinayətkardır, hansı ki, pulu bitkoinlə tələb edir" – deyə Abroskin yazmışdı.
"Lotu Quli"nin klanı 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilmiş digər qanuni oğru Rövşən Canıyevin (Lənkəranski) klanı ilə mübarizədədir. Bir müddət əvvəl Türkiyə polisi Lənkəranskinin qardaşı Namiq Canıyevi "Lotu Quli"yə qarşı sui-qəsd təşkil etməkdə günahlandıraraq həbs etmişdi. Şeyx Həmzət ləqəbli çeçen "qanuni oğru”, kriminal dünyaya məxsus "Avropa obşakı"nın nəzarətçisi Həmzət Qastəmirov Lənkəranskinin qətlində əli olduğu iddia edilən "Lotu Quli"dən şəxsən intiqam alacağına and içib.
Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli" gürcü dilində "ürək" deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib.