BAKI, 2 iyun — Sputnik. Göyçay çayı üzərindəki avtomobil körpüsünün dəmir-beton dayaqları güclü selin təsiri nəticəsində çökmək üzrədir. Onun yanındakı piyada körpüsünü isə sel aparıb.
APA-nın xəbərinə görə, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Göyçay çayı üzərindən keçən körpüsündə bu gün günorta saatlarında nəqliyyatın hərəkəti dayandırılıb. Hələ də yol açılmayıb. Göyçay şəhərinin bir hissəsində yaşayan insanların və rayonun 30-dan çox kəndinin əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Selin təsiri nəticəsində çayın üzərindən keçən təbii qaz, elektrik, rabitə və içməli su xətləri qırılıb. Kəndlərə qaz verilişi dayanıb. Hazırda FHN-nin, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları, rayon fövqəladə hallar komissiyasının nümayəndələri hadisə yerindədir.
Körpünün hər an dağılmaq təhlükəsi artdığı üçün 7 saatdır ki, körpüdən nəqliyyatın keçidi tam dayandırılıb, bu səbəbdən böyük tıxac yaranıb. Təhlükə artdığı üçün bu dəqiqələrdə körpüdən insanların piyada keçidinə də qadağa qoyulub. Hər iki tərəfdə polis mühafizəsi gücləndirilib. İnsanların körpüyə yaxınlaşmaması üçün tədbirlər görülür.
Sel fəlakəti səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolundan istifadə edən sürücülər hazırda alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.