BAKI, 31 may — Sputnik. ABŞ-ın Kaliforniya ştatının Qərbi Hollivud şəhərində mayın 28-i "Azərbaycan Milli Günü" kimi qeyd edilib.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Bununla bağlı şəhər meri Con Duran (John J. Duran) və Şəhər Şurasının üzvləri tərəfindən müvafiq bəyannamə imzalanıb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanıb. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunub.
Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilib. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.
Sənəddə həmçinin qeyd olunub ki, Los-Ancelesdəki Baş Konsulluğu vasitəsilə Azərbaycan Qərbi Hollivud şəhəri ilə son illərdə güclü əlaqələr qurub. Bəyannamənin sonunda 28 may tarixi Qərbi Hollivud şəhərində "Azərbaycan Milli Günü" elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət olunur.