BAKI, 30 may — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyanın rəhbəri olduğu nümayəndə heyətinin Gürcüstan paytaxtı Tbilisiyə səfəri başlayıb. Sputnik Ermənistan xəbər verir ki, səfər iki gün davam edəcək.
Məlumata əsasən Tbilisi hava limanında nümayəndə heyətini Gürcüstanın baş naziri Gergi Kvirkaşvili, Ermənistanın bu ölkədəki səfiri Ruben Sadoyan qarşılayıb.
Günün birinci yarısında Paşinyanın gürcü həmkarı Gergi Kvirkaşvili, parlamentin spikeri İrakli Kobahidze, Gürcüstan prezidenti Georgi Marvelqaşvili, həmçinin patriarx II İlya ilə görüşləri nəzərdə tutulub.
Günün ikinci yarısında isə Paşinyan Tbilisidə açıq formada erməni ictimaiyyətinin nümayəndələri ilə görüşəcək.
Sabah isə erməni nümayəndə heyətinin Gücüstanda ermənilərin kompakt yaşadığı və zaman-zaman separatçı çıxışların gücləndiyi Samtsixe-Cavaxeti regionuna səfəri planlaşdırılır.