CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir lider, bir millət və yenilməz Ordu...

© AR Ministry of DefensePrezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənov
Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
"Qılıncımızın kölgəsi durduqca düşmənlər, əlbəttə ki, bizdən qorxacaqlar"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 30 may — Sputnik. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Ali Baş Komandan cənab İlham Əliyevin davam etdirdiyi müasir ordu quruculuğu….

ABŞ-ın istiqlaliyyət savaşının görkəmli xadimlərindən biri və Birləşmiş Ştatların ikinci prezidenti olmuş Con Adams deyib: "Mən siyasət və müharibə elmini oxumalıyam ki, övladlarım riyaziyyat və fəlsəfə oxumaq azadlığına sahib olsunlar. Övladlarım riyaziyyat, fəlsəfə, coğrafiya, tarix, miqrasiya, ticarət və kənd təsərrüfatına yiyələnməlidirlər ki, onların övladları rəsm, poeziya, musiqi, memarlıq öyrənsinlər".

Bu tarixi sözlər hər bir ölkənin ordu qurmasının gələcək nəsillər üçün sülhün əsası kimi böyük anlam daşıyır. Milli Ordu hər bir millətin özünü işğaldan qorumaq, övladlarına rəsm, poeziya, memarlıq, musiqi- gözəl sənət əsərləri azadlığı və imkanının qarantıdır. Güclü ordu düşməni çəkindirən ən başlıca amildir. Osmanlı tarixində Yüksəliş Dövrünün sonuncu padşahı Sultan Süleyman Qanuni nahaqdan demirdi: "Qılıncımızın kölgəsi durduqca düşmənlər, əlbəttə ki, bizdən qorxacaqlar".

Qılıncın kölgəsi düşməni çəkindirmək, öz millətini isə azad, təhlükəsiz yaşatmaq üçündür. Bu anlamda Azərbaycanın da Mili Ordusunun yaradılması milli dövlətimizin ən böyük tarixi uğurlarından biridir. Bu tarixi uğurda ən böyük imza ümummilli lider Heydər Əliyevin imzasıdır. XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Tarix elmləri doktoru Mehman Süleymanovun sözlərinə görə, xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev 1993-cü ilin sentyabrında etdiyi çıxışların birində bildirmişdi: "22 il bundan öncə, 1971-ci ildə biz heç bilmirdik ki, Azərbaycan müstəqil respublika olacaq. Lakin mən hələ o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım".

Ordu quruculuğunda yeni mərhələnin başlanğıcı

Dövlət quruculuğunun əsas istiqamətlərindən biri ordu quruculuğudur. Ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcı Heydər Əliyevin radio və televiziya ilə xalqa 2 noyabr 1993-cü il tarixli müraciəti ilə qoyuldu. Bu müraciət bir tərəfdən sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirən konseptual bir sənəd idisə, bir tərəfdən də Heydər Əliyevin xalqa çağırışı idi. Bu çağırış xalqın bütün təbəqələri tərəfindən qəbul edildi və xalqın bütün potensialı ordu quruculuğuna istiqamətləndirildi. Yəni, Heydər Əliyev xalqın potensialını ordu quruculuğu kimi mühüm bir sahəyə səfərbər edə bildi. Heydər Əliyev respublika ağsaqqallarına, ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə, din inanclı insanlara, iş adamlarına müraciət edib onları orduya daha yaxından kömək etməyə, əsgər və zabitlərin mübariz döyüş ruhunda tərbiyə olunmasına yardım etməyə, orduda baş verən neqativ halların qarşısının alınmasında qətiyyətli mövqe tutmağa çağırdı. Azərbaycan Respublikası Prezidentinin 1998-ci ilin mayında imzaladığı fərmanla 1918-ci il iyun ayının 26 —sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd edilməyə başlandı. Heydər Əliyev qeyd edirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinə hörmət və sədaqət nümayiş etdirərək həmin tarixi hadisənin baş verdiyi günü Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi elan edib.

Azərbaycan ordusunun İlham Əliyev dövrü…

XXI əsrin ikinci onilliyinin əvvəllindən Azərbaycan Ordusu öz inkişafının ən uğurlu dövrünü yaşamaqdadır. Çünki Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində izlənilən aydın siyasət, həyata keçirilən konkret tədbirlər Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirməklə, dünya miqyasında öncül sıralardan birinə çıxarıb.

Tarixçi Mehman Süleymanovun sözlərinə görə, 2012-ci ildə İlham Əliyev bəyan edirdi ki, Azərbaycanda nizami ordu formalaşıb və güclənib. O, Azərbaycan Ordusunu nəinki bölgənin, bəlkə, dünyanın ən güclü ordularından biri kimi dəyərləndirir. Belə bir səviyyənin əldə edilməsi üçün ölkə başçısı ordunun maddi-texniki bazasının böyük dərəcədə möhkəmləndiyini bildirirdi. Ordunun son durumunu Silahlı Qüvvələrin Ali Baş Komandanı belə şərh edirdi: "Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmləndirilib. Hərbi xərclər ildən-ilə artır. Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir. Bu da təbiidir. Bu, belə də olmalıdır. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Atəşkəs rejimi var. Ancaq sülh müqaviləsi imzalanmayıb. Müharibə şəraitində yaşayan ölkədə birinci növbədə ordu məsələlərinə diqqət göstərilməlidir və Azərbaycan da bu, belədir. Son bir neçə il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb. Hazırda bu xərclər 3,6 milyard dollar səviyyəsindədir. Bu da Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu sahədə də dönüşə gətirib çıxarıb. Azərbaycanda hərbi təyinatlı 20 zavod və istehsalat birliyi yaradılıb və 665 adda hərbi təyinatlı məmulat istehsal edilir".

Öz ordumuzu öz silahımızla silahlandırırıq

2015-ci ilin sonlarında Azərbaycanda artıq 1000-dən artıq hərbi təyinatlı məhsul istehsal olunurdu və İlham Əliyev bunu hərbi quruculuq sahəsində həyata keçirilən siyasətin uğuru kimi dəyərləndirirdi. İlham Əliyev onu da əlavə edirdi ki, ordunun ehtiyaclarının respublika daxilində daha geniş şəkildə ödənilməsi üçün lazımi işlər gələcəkdə də görüləcək və bununla bağlı o, respublika alimlərini də bu işdə daha fəal iştirak etməyə çağırırdı. 2016-cı il sentyabr ayının 27-30-da keçirilən ADEX-2016 müdafiə sərgisində Azərbaycanda istehsalı yeni mənimsənilən müasir silah və hərbi texnika da nümayiş etdirildi və Prezident də bu hərbi texnika ilə yaxından tanış oldu.

Aprel qələbəsi ordumuzun gücünü nümayiş etdirdi

2016-cı il noyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyev Ermənistan ordusunun işğalından azad edilimiş Lələtəpə yüksəkliyində oldu, ön cəbhədə olan bölmələrin xidmət qayğıları ilə tanış oldu və müşahidə etdiklərindən razı qaldığını bəyan etdi. Ölkə Prezidenti burada xidmət çəkən əsgər və zabitlərlə görüşdü və onların qarşısında çıxış etdi. Həmin çıxış həm bölgədə formalaşan hərbi vəziyyətin dəyərləndirilməsi, həm də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gücünün qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən bir çıxış idi. Respublika Prezidenti bu çıxışında dedi: "Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törədib. Qəhrəman Azərbaycan Ordusu —xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab verib. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurub və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilib. Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilib. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir. Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlayıb. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərib. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri var. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır, nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır".

Düşməni qorxuya salan Ordumuzun silahları

Prezident İlham Əliyev öz çıxışlarında deyib ki, Azərbaycan Ordusunun ixtiyarında ən müasir döyüş sistemləri mövcuddur. Bu da ordunun döyüş qabiliyyətini xeyli artırıb. O cümlədən 152 mm-lik "Msta-C", 120 mmlik "Vena" özüyeriyən artilleriya qurğuları, 120 mm-lik "Sani" minaatan kompleksi, 220 mm-lik TOS-1A reaktiv qurğuları, 122 mm-lik T-122 "Sakariya", 300 mm-lik "Qasırğa", 300 mm-lik "Smerç" yaylım atəşli reaktiv artilleriya sistemləri, "Maşina-M" markalı özüyeriyən artilleriya divizionunun atəşi avtomatik idarəetmə kompleksi, PRTМК-1 radiopelenqasiya meteroloji kompleksi, "Mersedes-Benz" avtomobilinin şassisi üzərində yığılmış 120 mm-lik "CORDOM-M3" markalı özüyeriyən minaatan sistemləri, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda —müşahidə maşınları, T-72, T-72M1, müasir T-90S tank ları, BMP-3, BTR-82 zirehli texnikaları, BTS-4, BTS-5 markalı dartıcılar, səyyar təmir emalatxanaları, ən müasir hərbi təyyarələr və vertolyotlar, hava hücumundan müdafiə sistemləri, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan 60, 82 və 120 mm-lik minaatanlar, müxtəlif növ atıcı silahlar, elektro-optik, termal, gecə nişangahları, müşahidə sistemləri və s. silah və texnikalar. Azərbaycan Ordusunun döyüş və müdafiə imkanlarını yeni və daha yüksək səviyyəyə qaldırıb.

"Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş "Hər birimiz Vətənə xidmət edirik" mövzusundakı yazı müsabiqəsinə təqdim edilir"

Xəbər lenti
0