CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Makler”, vasitəçi, əmlakçı, yoxsa dəllal?

© Sputnik / Fuad HasanovƏmlak satışı və kirayəsi
Əmlak satışı və kirayəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu sahədə çalışanlara sertifikat, lisenziya və yaxud hansısa sənəd verilməlidir ki, bu fəaliyyətlə qanuni şəkildə məşğul ola bilsinlər”

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 may — Sputnik. Ölkədə çox inkişaf edən və daha çox tələbat olan sahələrdən biri də əmlak sahəsidir. Bu sahədə aparıcı rolu isə məhz əmlakçılar – “maklerlər” həyata keçirirlər.

Hazırda Azərbaycanda "makler", "vasitəçi", "rieltor", "broker" və s. adlar altında fəaliyyət göstərən minlərlə insan var. Onların evlərin alqı-satqısı, kirayələnməsi və. s. tikinti və daşınmaz əmlak sektoruna aid olan proseslərin həyata keçirilməsində fəal iştirak edirlər.

Artıq uzun illərdir ki, bu sahədə minlərlə insanın calışmasına baxmayaraq, bu sahə dövlət tərəfindən tanınmır və bu sahə üzrə bu günə qədər heç bir qanun qəbul edilməyib. Yəni onların fəaliyyəti heç bir qanunla tənzimlənmir.

Sputnik Azərbaycan-a danışan tikinti eksperti Elnur Fərzəliyev bildirir ki, bu işin sahiblərinin fəaliyyəti də hansısa qanunla tənzimlənməlidir. Və belə olan təqdirdə, həm vətəndaş, həm dövlət, həm də bu sahədə çalışan şəxsin özü də qazanmış olar.

© Photo : Facebook / makler1979Tikinti eksperti Elnur Fərzəliyev
Tikinti eksperti Elnur Fərzəliyev - Sputnik Azərbaycan
Tikinti eksperti Elnur Fərzəliyev

"Bu sahədə çalışanlara sertifikat, lisenziya və yaxud hansısa sənəd verilməlidir ki, bu fəaliyyətlə qanuni şəkildə məşğul ola bilsinlər. Onlar üçün xüsusi kurslar təşkil edilməlidir ki, bu insanlar öz işini qanuni şəkildə görə bilsinlər", — deyə ekspert əlavə edir.

E.Fərzəliyev qeyd edir ki, satılan hər evə görə vergi verilməlidir. Ancaq kənardan bu işi bilməyənlər tərəfindən alqı-satqı prosesləri həyata keçirdiyi zaman alıcı da, satıcı da gələcəkdə problemlə qarşılaşır: “Məsələn, hər hansı bir şəxs ev və ya torpaq almaq istəyir. İşini və qanunları bilməyən “makler” isə həmin alıcıya problemli binada mənzil və ya sənədi olmayan torpaq sahəsi satır. Sonradan problemi alıcı və ya satıcı yaşayır. Belə hallarda iş məhkəməyə qədər uzanır və çox zaman da nəticəsiz qalır”.

Ekspert təklif edir ki, ilk öncə bu sahədə çalışan insanların peşələrinə konkret olaraq ad verilməli, həmin adla da bu sahəni qəbul etmək lazımdır: “Bu sahədə çalışan insanları əmlakçı, “makler”, “broker”, vasitəçi və sair adlandırırlar. Orta gəlirli sahələrdən biri olmaqla bərabər, bu sahə həm də özündə minlərlə əmlakçını birləşdirir. Əmlakçı işləmək tək alıcı ilə satıcını birləşdirərək pul qazanmaqdan ibarət olmamalıdır”.

“Bu sahədə çalışan insanlar həm öz sahəsinin analitiki olmalı, həm qiymətləndirməni bacarmalı, həm sənədləşmə işini və s. bilməlidir. Demək olar ki, bu günümüzdə bu sahədən anlayışı olan və olmayan təhsilli- təhsilsiz və s. insanlar bu sahədə çalışırlar. Böyük məbləğdə pulların oynadığı bir sahədə işini bilməyən insanların çalışması alıcının pulu üçün böyük təhlükədir". — deyə Fərzəliyev qeyd edir. 

Mənzil, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
İpoteka kreditləri ilə ev almaq istəyənlərin işi asanlaşır

Ekspert vurğulayır ki, əmlakçıların hüquqlarını müdafiə edəcək bir təşkilatın olmaması da bu sahədə calışan insanlarda böyük narahatçılıq yaradır: “Sənədləşmə zamanı hansısa MTK- nın, bələdiyyənin və başqa idarələrin etdiyi yanlış sənədləşmə üzündən cinayət məsuliyyətinə cəlb edilmiş xeyli əmlakçı var”.

Fərzəliyevin qənaətincə, bu sahədə yeni qanun qəbul edilməli, əmlakçıların hüquqlarını qoruya bilən təşkilat yaradılmalı, əmlakçıların tanınması üçün sertifikatla fərqlənməsi vacibdir: “Sənədləşmə işlərində də yenilik etməyə ehtiyac duyulur. Beh müqaviləsi, kirayə müqaviləsi, alıcı və satıcı ilə əmlakçıların arasındakı müqavilələr standart formada qəbul olunmalıdır".

Ekspertin sözlərinə görə, kirayə müqavilələri, əslində, notarial qaydada bağlanmalıdır: “Vasitəçilərin bağladığı müqavilələr sadəcə onların özü üçündür. Bu sənəddə ev sahibinin hüquqları qorunur, onun əşyalarının sayı yazılır. Bu müqavilə notariusda təsdiq edilmədiyinə görə, hüququ qüvvəsi yoxdur”.

"Makler"lərin fikrincə isə onların əsas problemlərindən biri qeyri peşəkarların, xüsusən də bu işlə əlaqəsi olmayan insanların, tikinti şirkətlərində çalışan işçilərin komendantların, nəzarətçilərin vergi ödəyiciləri olan əmlakçılara mane olmasıdır.

Xəbər lenti
0