BAKI, 29 may — Sputnik. Mayın 25-də ABŞ Konqresinin Nümayəndələr Palatasının iclasında Alabama ştatını təmsil edən konqresmen Robert Aderholt (Respublikaçı) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Sputnik Azərbaycana verilən məlumata görə, bəyanatda bildirilir ki, 28 may 1918-ci il tarixində Azərbaycan Milli Assambleyası İstiqlal Bəyannaməsi qəbul edərək, müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası olan Azərbaycan Demokratik Respublikasının əsasını qoyub.
Sovet rejiminin təzyiqlərindən əziyyət çəkən Azərbaycanın, kommunist imperiyasının dağıntılarından çıxaraq ABŞ-ın güclü və etibarlı müttəfiqinə çevrildiyi konqresmen Aderholt tərəfindən qeyd olunub. O, vurğulayıb ki, bu gün Azərbaycan Respublikası ABŞ-ın dəyərli tərəfdaşı olmaqla yanaşı, həmçinin Qafqaz və Mərkəzi Asiyada mühüm rol oynayır. Azərbaycan 2001-ci il 11 sentyabr terror hücumlarından sonra ABŞ-a təmənnasız yardım göstərən ilk ölkələrdən biri olub. ABŞ-ın ən yaxın müttəfiqi İsrail ilə Azərbaycanın güclü dostluq və tərəfdaşlıq münasibətlərinə malik olduğu bəyanatda diqqətə çatdırılıb. Azərbaycanın ABŞ-ın Avropadakı müttəfiqlərinin və İsrailin enerji təhlükəsizliyinin və diversifikasiyasının təmin edilməsində əsas rola malik olduğu və Cənub Qaz Dəhlizində liderliyi bəyanatda vurğulanıb.
Bəyanatın sonunda, Azərbaycan Demokratik Respublikasının bu 100 illik yubileyində, iki ölkə arasında strateji münasibətlərə və davamlı dostluğa görə ABŞ-ın Azərbaycana minnətdar olduğu bildirilib.