BAKI, 25 may — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış ziyalılar, ali məktəb rektorları, BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin nümayəndələri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, rayon icra hakimiyyətlərinin başçıları, KİV nümayəndələri və digər sahələrdən olan qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra təhsil naziri Ceyhun Bayramov qonaqları salamlayaraq, AXC-nin 100 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Nazir ölkə başçısı İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunduğunu müvafiq tədbirlərin təşkilinin gənclərə doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək və sərbəst düşüncə tərzini formalaşdırmaq baxımından yüksək qiymətləndirdiyini bildirib. O, qeyd edib ki, AXC-nin 23 aylıq fəaliyyəti dövründə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də mühüm əhəmiyyətə malik işlər görülüb.
Tədbirdə 2017-2018-ci tədris ilində paytaxt təhsilinin uğurları haqqında məlumat verilib, parlaq nailiyyətləri ilə fərqlənən şagirdlər təqdim olunub.
Konsert proqramında şagirdlər Azərbaycanın bir əsrlik müasir dövlətçilik tarixini ardıcıllıqla təcəssüm etdirən şeirlər səsləndirib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.