BAKI, 25 may — Sputnik. Bakı şəhəri BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi edəcək. Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, bu barədə qərar təşkilatın İcraiyyə Şurasının İspaniya Krallığının San-Sebastian şəhərində 23-25 may tarixində keçirilən 108-ci sessiyasında verilib. Bu mötəbər tədbirin 2019-cu ilin may ayında baş tutması planlaşdırılır.
Sözügedən sessiyanın Bakıda keçirilməsi Azərbaycan ilə ÜTT arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın dünya ölkələri arasında imicinin daha da artırılması və ölkənin cəlbedici turizm məkanı kimi potensialının daha geniş təbliği baxımından böyük əhəmiyyət kəsb edir. 40-dan artıq ölkədən tədbirə təşrif buyuracaq dövlət rəsmiləri və digər qonaqlar ölkəmizin turizm imkanları və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Xatırladaq ki, Azərbaycan 2013-cü ildən təşkilatın İcraiyyə Şurasında təmsil olunur və qurumun qərar qəbul etmə prosesində fəal iştirak edir.
108-ci sessiyada ölkəmizi Dövlət Turizm Agentliyinin və Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin üzvlərindən ibarət nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Azərbaycan Respublikasının ÜTT yanında daimi nümayəndəsi səfir Anar Məhərrəmov rəhbərlik edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 aprel tarixli "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb və Fuad Nağıyev quruma sədr təyin edilib.
Dövlət başçısı İlham Əliyevə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik məktubu ünvanlayan Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ölkəmizdə turizm sənayesinin inkişafına cənab Prezidentin göstərdiyi şəxsi dəstəyə görə minnətdarlığını bildirib.
O vurğulayıb ki, bu dəstək Azərbaycan hökumətinin turizm sahəsinə ölkənin davamlı sosial-iqtisadi inkişafında əsas vasitə kimi yanaşmasının əhəmiyyətini təcəssüm etdirir. Zurab Pololikaşvili qeyd edib ki, artıq Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev ilə əlaqə saxlanılıb və Ümumdünya Turizm Təşkilatı Azərbaycanın turizm sənayesinin gələcək inkişafı üçün üzərinə götürdüyü öhdəliklərlə bağlı tam dəstəyini ifadə edib.